Mayın 22-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
İdman.Biz bildirir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda 2025-ci ilin “İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin ölkə ərazisində yayılan idman növləri və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi, federasiyaların fəaliyyət istiqamətlərinə yeni idman növləri və fənlərinin əlavə edilməsi məsələlərinə baxılıb. Kollegiyanın qərarına əsasən, Azərbaycan Su İdmanı Növləri Federasiyasının fəaliyyət istiqamətinə balıqçılıq idman növü də əlavə edilib və bu idman növü ölkə ərazisində yayılan idman növü kimi tanınıb.
Eyni zamanda “Motosiklet İdmanı Federasiyası” İctimai Birliyinin respublika idman federasiyası statusu təsdiq olunub. Həmçinin “Motokros tipli motosiklet”, “Enduro tipli motosiklet”, “İdman tipli motosiklet”, “Şosse yarışları tipli motosiklet”, “Ekstremal motosiklet çıxışları”, “Kvadrokros”, “Turistik tipli motosiklet” və “Moto-turizm”, eləcə də “Həvəskar motosiklet yarışları” “Motosiklet İdmanı Federasiyası” İctimai Birliyinin ölkə ərazisində yayılan idman fənləri olaraq tanınıb.
