Azərbaycanlı aykidoçular beynəlxalq festivalda iştirak ediblər

18 May 2026 10:11
156
Azərbaycanlı aykidoçular beynəlxalq festivalda iştirak ediblər

Ankarada aykidonun inkişafı və təbliği məqsədilə beynəlxalq idman festivalı keçirilib.

İdman.Biz AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 16 ölkədən aykido ustaları iştirak ediblər. Festival çərçivəsində məşqlər, seminarlar və magistr dərəcəsi (dan) almaq üçün imtahanlar təşkil olunub.

Azərbaycanı yarışda “Azərbaycan-Avrasiya Aykido və Budo Mərkəzi”nin doqquz sensei və tələbəsi təmsil edib.

Mərkəzin prezidenti, 7-ci dərəcəli qara kəmər sahibi Nazim Əliyev bildirib ki, Azərbaycan aykidoçuları beynəlxalq festivallarda mütəmadi iştirak edir. O, aykidonun harmoniyaya, sülhə və daxili tarazlığa xidmət edən döyüş sənəti olduğunu vurğulayıb.

Nazim Əliyev rəhbərlik etdiyi mərkəzin əsas məqsədlərindən birinin gənclər arasında aykidonun populyarlaşdırılması və sağlam həyat tərzinin təşviqi olduğunu qeyd edib.

Qeyd edək ki, 300-dən çox iştirakçının qatıldığı festivalı Yaponiyanın Türkiyədəki səfiri Tamura Masami də ziyarət edib. 2011-ci ildən keçirilən beynəlxalq festival müxtəlif ölkələrdən aykido mütəxəssislərini bir araya gətirir.

İdman.Biz
Məqalədə: