Gənclər və idman naziri Fərid Qayıbov velosiped idmanı üzrə “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının başa çatmasından sonra turnirlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında belə bir turnirin doğma Qarabağda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.
“Böyük velosiped yarışının yenidən Azərbaycana qayıtması bizim üçün çox sevindirici hadisədir. Xüsusilə bu yarışın doğma Qarabağımızda keçirilməsi ayrıca qürur və xüsusi hisslər yaradır. Bakı dünyanın idman paytaxtı seçilib və bunü görə də paytaxtımızda çoxsaylı irimiqyaslı yarışlar təşkil olunur. Qarşıda cüdo və sumo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının oyunları, eləcə də Dünya Kubokları var. Azərbaycanda bundan əvvəl də beynəlxalq velosiped yarışları keçirilib, amma belə böyük yarışın yenidən ölkəmizə qayıtması bizim üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə Fərid Qayıbov bildirib.
Nazir yerli və gənc idmançıların da yarışda iştirak etdiyini vurğulayıb. O, növbəti mərhələlərdə azərbaycanlı velosipedçilərin daha yaxşı nəticələr göstərəcəyinə inandığını söyləyib.
Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılıq baxımından böyük iş gördüyünü qeyd edib:
“Yerli və gənc idmançılarımız da yarışa qatılıblar. İnanıram ki, növbəti mərhələlərdə onlar da sözlərini deyəcəklər. Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Bu cür yarışları təşkil etmək asan deyil. Hava şəraitini də nəzərə almaq lazımdır”.
Nazir marşrutun 20-dən çox rayonu əhatə etdiyini və yarışın böyük məsafədə keçirildiyini xatırladıb. O bildirib ki, bu miqyaslı turnirin arxasında ciddi təşkilati iş dayanır.
“Ölkə başçısının Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə xüsusi tapşırıqları var. Müxtəlif rayonlarda, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlər keçirilir. Həm idman azarkeşlərini, həm də Xankəndi sakinlərini təbrik edirəm”, - deyə Qayıbov əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 min avrodan çox (100 min AZN-dən çox) olub.
Araz Xəlilli
