“Son iki ildə Azərbaycanda uşu irəliyə doğru ciddi addım atıb” - Elçin Eminovun İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

13 May 2026 17:43
147
“Son iki ildə Azərbaycanda uşu irəliyə doğru ciddi addım atıb” - Elçin Eminovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Azərbaycan uşu milli komandasının Avropa çempionatında qazandığı 15 medal ölkədə bu idman növünün tarixində ən yaxşı nəticələrdən biri, hətta ən yaxşısı hesab olunur”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında uşu milli komandasının gənclərdən ibarət milli komandasının baş məşqçisi Elçin Eminov bildirib.

Onun sözlərinə görə, bu nəticə Azərbaycanda bu sahənin inkişaf etdiyini göstərir:

“Yığma komandamız ölkənin müxtəlif bölgələrindən olan idmançılarla təmsil olunur. Gəncə və Göygöl kimi regionlardan medal qazanan atletlərimiz var. Hesab edirəm ki, son iki ildə Azərbaycanda uşu böyük inkişaf yolu keçib. Biz İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış etdik. Avropa çempionatında qazandığımız 15 medal isə bunun ən bariz göstəricisidir”.

O bildirib ki, bu yarışlarda onu xüsusilə yeniyetmə Tunar Rüstəmzadə, həmçinin gənclər arasında çıxış edən Xəyal İbrahimov və Zaur Gülüzadənin performansı heyran edib: “Onlar mənim yetirmələrimdir və güclü erməni rəqiblərlə qarşılaşdılar. Hər üçü qələbə qazanaraq Azərbaycanı layiqincə təmsil etdi”.

Məşqçilik fəaliyyəti ilə yanaşı, Elçin Eminov yarışlarda iştirakını da davam etdirir və bu Avropa çempionatında yeddinci tituluna yiyələnib.

“Bu çempionat mənim üçün asan keçmədi. Çünki həm idmançıları yarışa hazırlamalı, həm də özüm döyüşlərə çıxmalı idim. Ancaq yetirmələrimizin qələbələrindən sonra mən də uğurlu çıxış edərək çempion olmağı bacardım”, - deyə o, sözlərini yekunlaşdırıb.

İdman.Biz