Meksika səfiri Azərbaycan İdman Akademiyasında olub - FOTO

14 Aprel 2026 21:29
246
Meksika səfiri Azərbaycan İdman Akademiyasında olub

Aprelin 14-də Azərbaycan İdman Akademiyasında (ASA) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq olub.

Qonaqları salamlayan ASA-nın rektoru Fuad Hacıyev Akademiyanın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, ASA Meksikanın nüfuzlu ali təhsil müəssisələri ilə akademik əlaqələrin inkişaf etdirilməsinə və uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır.

Səfir Mariya Viktoriya Romero Kabalyero elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşma və yaxınlaşmanın mühüm vasitələrindən biri olduğunu vurğulayıb.

Görüşdə ASA ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda qonaqlara Akademiyanın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasında yaradılmış müasir tədris və tədqiqat infrastrukturu təqdim olunub.

İdman.Biz