Ceyhun Rəhmanov federasiyalar qarşısında duran mühüm hədəfləri açıqlayıb

9 Aprel 2026 12:59
171
Ceyhun Rəhmanov federasiyalar qarşısında duran mühüm hədəfləri açıqlayıb

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanov idman dünyasında son dövrlərin ən aktual mövzularından biri olan “Təhlükəsiz idman” konsepsiyası barədə mühüm açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, idarə müdiri hər bir federasiyanın bu istiqamətdə öz siyasətini qurmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz idman anlayışı çox vaxt idman ədaləti ilə qarışdırılsa da, əslində bu, idmançıların mənəvi və fiziki rifahının qorunmasına yönəlib.

“Hazırda dünyada təhlükəsiz idman ən çox diqqət ayrılan mövzudur. Bir çox hallarda bu anlayış idman ədaləti ilə səhv salına bilər, amma belə deyil. Burada əsas məqsəd idmançıları bulinqə və qısnamaya məruz qalmaqdan qorumaqdır”, - deyə Ceyhun Rəhmanov bildirib.

O, həmçinin qeyd edib ki, bu məqsədlə azərbaycanlı ekspertlər xaricdə xüsusi təlimlər keçiblər. Artıq MOK nəzdində Təhlükəsiz İdman Komissiyası yaradılıb və cari ilin sonuna qədər hər bir federasiyada bu sahə üzrə məsul ekspertin seçilməsi planlaşdırılır. Əsas hədəf ilin sonuna kimi hər bir federasiyanın daxili təhlükəsiz idman siyasətinin tam formalaşdırılmasıdır.

İdman.Biz