Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Etnosport Forumu çərçivəsində "TRT World" kanalına müsahibə verib.
İdman.Biz xəbər verir ki, nazir çox maraqlı bir qarşılaşma olduğunu və bu yoldaşlıq görüşündən zövq aldıqlarını bildirib.
“Türkiyə komandasını təbrik edirəm. Əgər klassik idman növlərini etnosportla müqayisə etsək, klassik idmanda biz daim nəticə uğrunda mübarizə aparırıq. Amma burada əsas məqsəd bir araya gəlməkdir. Öz ənənələrimizi nümayiş etdiririk, onları unutmadığımızı göstəririk. Bu isə bütün dövlətlər üçün çox vacibdir. Mədəni baxımdan da böyük əhəmiyyət daşıyır”, - deyə Qayıbov söyləyib.
Nazir əlavə edib ki, platformanın uzun illərdir fəaliyyət göstərməsi sevindiricidir:
“Bu, bizim iştirak etdiyimiz ilk forum deyil. Cənab Bilal Ərdoğana çox təşəkkür edirəm. Çünki bu, onun güclü ilhamı ilə bağlıdır. O və komandası uzun illərdir böyük işlər görüblər. Görürük ki, artıq çox güclü bir ailə - etnosport ailəsi formalaşıb. Bu sahə inkişaf edir və irəliləyir və artıq yaxşı nəticələr əldə olunub. İnanıram ki, gələcəkdə daha da böyük uğurlar qazanacağıq”.
