2024-cü ilin əsas idman yarışları - SİYAHI

Xəbərlər
1 Yanvar 2024 19:38
435
2024-cü ilin əsas idman yarışları - SİYAHI

İdmansevərləri 2024-cü ildə bir-birindən maraqlı idman yarışları gözləyir.

İdman.biz xəbər verir ki, Yay Olimpiya Oyunları, futbol üzrə Avropa çempionatı kimi böyük turnirlər start götürən ildə baş tutacaq.

Planetin ən maraqlı idman yarışlarının siyahısını təqdim edirik.

Futbol. Afrika Millətlər Kuboku (13 yanvar-11 fevral)
2024-cü ilin ilk böyük yarışı yanvarın 11-də start götürəcək. 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda "Qara qitə"nin ən güclü yığmaları mübarizə aparacaqlar. Turnirin son qalibi Seneqal yığması olub.

Tennis. Australian open (14-18 yanvar)
Dünyanın ən güclü tennisçiləri mövsümün ilk "Böyük Dəbilqə" turnirində yarışacaqlar. Turnirin favoriti Novak Cokoviç 25-ci qələbəsini qazanacağı təqdirdə mütləq rekordçu olacaq. Serbiyalı tennisçi 24 qələbə ilə Marqaret Kortla ilk iki pillədə qərarlaşıb.

Superboul. (11 fevral)
Fevralın 11-də okeanın o tayında Superboul baş tutacaq. Amerikan futbolunun ən güclüsü Las-Veqasda müəyyən olunacaq. Superboul finalı dünyada ən nəhəng və parlaq idman şousu hesab edilir.

Boks. Aleksandr Usik – Tayson Fyuri döyüşü (17 fevral)
2024-cü ildə dünyanın əsas boks döyüşü keçiriləcək. Ötən ilin sonunda baş tutmayan Usik-Fyuri görüşü böyük səbirsizliklə gözlənilir.

Formula-1. Mövsümün ilk Qran-Prisi (2 mart)
Avtoidmansevərlər martın 2-də mövsümün ilk Qran-Prisini izləyəcəklər. Start Bəhreyndə veriləcək. Formula-1-in Bakı mərhələsini sentyabrın 22-24-də keçiriləcək.

Hokkey. Dünya çempionatı (10-26 may)
Hokkey üzrə dünya çempionatına Çexiya evsahibliyi edəcək. 16 yığmanın iştirak etdiyi turnir iki şəhərdə təşkil olunacaq. 2023-cü ildə keçirilən mundialın qalibi adını Kanada millisi qazanıb.

Futbol. Çempionlar Liqasının finalı (1 iyun)
UEFA Çempionlar Liqasının həlledici matçı iyulun 1-də baş tutacaq. Qarşılaşma məşhur "Uembli" stadionunda keçiriləcək.

Futbol. AVRO-2024 (14 iyun-14 iyul)
Dördildənbir keçirilən futbol üzrə Avropa çempionatı Almaniyada təşkil olunacaq. Qələbə uğrunda qitənin 24 komandası mübarizə aparacaq.

Veloidman. "Tur de France" (29 iyun-21 iyul)
Dünyanın ən əsas veloidman yarışı "Tur de France" 111-ci dəfə keçiriləcək.

Yay idman növləri. Paris-2024 Olimpiadası (26 iyul-11 avqust)
Dünyanın ən güclü idmançılarının səbirsizliklə gözlədiyi Yay Olimpiya Oyunları 2024-cü ilə təsadüf edəcək. Fransa paytaxtında iyul 26-da start götürəcək Prais-2024 Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Ağırlıqqaldırma. Dünya çempionatı (noyabr-dekabr)
Ağırlıqqaldırma üzrə növbəti dünya çempionatına Bəhreyn evsahibliyi edəcək. Manamada təşkil olunacaq mindialın dəqiq tarixi bəlli deyil. Yarış noyabr-dekabr aylarında təşkil olunacaq.

İdman.biz