“Qarabağ” futbol klubunun tanınmış azarkeşi və sosial şəbəkə fəalı Zəfər Hacılı vəfat edib. O, ölümündən cəmi üç gün əvvəl sosial şəbəkə hesabında səhhətinin ağır olması ilə bağlı paylaşım edib.
Həmin paylaşımda Z.Hacılı bildirib ki, nəfəs darlığı, boğulma və güclü öskürək səbəbi ilə təcili tibbi yardıma müraciət edib. Vəziyyətinin ağır olduğunu, normal nəfəs ala bilmədiyini qeyd edib.
Yazdığına görə, təcili tibbi yardım gəlib, saturasiyanı ölçüblər və çox aşağı çıxıb. Lakin xəstəxanaya aparmayıblar. Ona bildirilib ki, qızdırma yüksək deyilsə, xəstəxana onu qəbul etməyəcək və geri qaytaracaq.
Paylaşımında bu məsələ ilə bağlı ciddi araşdırma tələb etdiyini vurğulayıb.
İdman.Biz xəbər verir ki, məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib.
“İlkin araşdırmanın nəticəsi olaraq bildiririk ki, 25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib.
Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoe xarakterli) olduğu müəyyən edilib.
Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib.
Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib.
Əlavə olaraq bildiririk ki, Zəfər Hacılı ilə bağlı növbəti çağırış 3 gün sonra - 28.03.2026-cı il tarixində saat 12:21-də vəfat etməsi ilə bağlı daxil olub. Ünvana təcili tibbi yardım briqadası cəlb olunub və ölüm halı təsdiqlənib.
Ətraflı araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir", - deyə cavab mətnində bildirilib.
