Avstraliyanın Sidney şəhərində təşkil edilən yeni döyüş formatı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
İdman.Biz xəbər verir ki, “Run Nation Championship” çərçivəsində iştirakçılar maksimum sürətlə bir-birinə doğru qaçaraq rəqibi yerə yıxmağa çalışırlar. Ayaq üstə qalan tərəf qalib sayılır. Sadə qayda ilə keçirilən yarış həm təəccüb, həm də narazılıq doğurub.
Tədbirdə ağır çəki idmançılarının toqquşma anlarını əks etdirən videolar qısa zamanda yayılıb.
Yeni formatla bağlı tənqidlər sərt olub. Bir çox azarkeş və mütəxəssis bu cür qarşıdurmanı təhlükəli hesab edir. Neyroalim Alan Pirs birbaşa toqquşmaların ağır beyin silkələnməsi və travma riski yaratdığını, ölümcül nəticələrin isə zaman məsələsi ola biləcəyini bildirib.
Təşkilatçılar təhlükəsizlik protokollarının tətbiq edildiyini və iştirakçıların tibbi yoxlamadan keçdiyini desələr də, əsas narahatlıq gənclərin bu görüntüləri təqlid etməsi ehtimalı ilə bağlıdır.
Biletlərin tez tükənməsinə və marağın artmasına baxmayaraq, bu idman növünün gələcəyi hələ də ciddi müzakirə mövzusu olaraq qalır. Təşkilatçılar artıq üçüncü turniri planlaşdırdıqlarını açıqlayıblar.
