Rafael Leaonun atasından Ronalduya özəl mahnı - VİDEO

6 Fevral 2026 13:00
102
Rafael Leaonun atasından Ronalduya özəl mahnı - VİDEO

"Milan" klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Rafael Leaonun atası Frank Leao illərdir təxirə saldığı musiqi xəyalını gerçəkləşdirib. O, millinin kapitanı Kriştianu Ronaldunun 41 yaşını xüsusi mahnı ilə təbrik edib.

İdman.Biz "NiT" nəşrinə istinadla xəbər verir ki, Frank Leaonun portuqal, ingilis və kikonqo (Anqolanın milli dillərindən biri) dillərində ifa olunan mahnı "Afrobeat" janrındadır.

Frank Leao bildirib ki, Ronaldu gənclər üçün böyük bir nümunədir:

"Dünyada çox sayda ulduz oyunçu var, lakin Kriştianu bir simvoldur. O, həyatda necə qalib gəlməyin mümkün olduğunu göstərir. Oğlum Rafael də böyük oyunçudur, lakin onun hələ 26 yaşı var və bioqrafiyasını yazmaq üçün tezdir. Ronaldu isə artıq bir tarixdir".

Mahnı üçün çəkilən klipdə müğənni Ronaldunun uşaqlığının keçdiyi Madeyra adasını ziyarət edib, onun ilk məşq etdiyi meydançada və "CR7" muzeyində çəkilişlər aparıb. Frank Leao yaxın aylarda "O ÚNICO" (Yeganə) adlı albom çıxarmağı planlaşdırır ki, buradakı mahnıların sayı da Ronaldunun forma nömrəsinə uyğun olaraq 7 ədəd olacaq.

İdman.Biz