Rusiyanın Moskvaətrafı fitnes-klublarından birində məşq zamanı təhlükəli insident baş verib.
İdman.Biz xəbər verir ki, məşqçi Nikita Vorobyov isinmə prosesində 100 kiloqramlıq ştanqı yerinə yerləşdirərkən bir tərəfi düzgün bağlamadığı üçün ağırlıq birbaşa üzünə düşüb.
Vorobyov “Mash on Sport”a açıqlamasında hadisənin tamamilə gözlənilməz baş verdiyini deyib. Onun sözlərinə görə, ştanqı yerinə qoyarkən diqqətini bir tərəfə yönəldib və fiksatora dəymədən ştanq əldən çıxıb.
Ağırlıq məşqçinin üz nahiyəsinə çırpılıb, lakin insident faciəyə çevrilməyib. Həkimlərin məlumatına görə, Nikita Vorobyov qırıq olmadan yalnız ciddi üz zədələri və bir neçə cızıq alıb.
Hadisə ilə bağlı araşdırma aparılır, klubda təhlükəsizlik qaydalarının yenilənməsi müzakirə olunur.
