Dünyanın ən məşhur avtomobil mühəndislərindən biri olan Qordon Marrinin “Gordon Murray Special Vehicles” şirkətinin yeni superkarı S1 LM açıq hərracda rekord qiymətə satılıb.
İdman.Biz xəbər verir ki, “Formula-1”in Las-Veqas Qran-prisi günlərində keçirilən “RM Sotheby’s” hərracında GMSV S1 LM modeli 20,6 milyon dollara (təxminən 35,1 milyon AZN) satılıb.
Motor1 nəşrinin məlumatına görə, bu məbləğ açıq satışda yeni avtomobil üçün tarixdə ən yüksək qiymət hesab olunur.
S1 LM superkarı bu ilin avqustunda Pebbl-Biçdə keçirilən eleqantlıq müsabiqəsində təqdim olunub. Model xarici görünüşü ilə “McLaren F1”i xatırladır və 4,3 litr həcmə malik “Cosworth V12” mühərriki ilə təchiz edilib. Gücü 700 at gücü olan avtomobil cəmi 957 kiloqram çəkidədir. GMSV şirkəti ümumilikdə bu avtomobildən yalnız beş ədəd buraxmağı planlaşdırır. Hərracda satılan nümunənin sahibi isə öz avtomobilinin istehsalı və test mərhələsində şəxsən iştirak edə biləcək. Sınaqlarda dördqat IndyCar çempionu Dario Frankitti də iştirak edəcək.
Qeyd edək ki, “Gordon Murray Special Vehicles” şirkəti eyni zamanda Le Mans GTR modelinin də istehsalını hazırlayır.
