MOK-da Şimali Kipr Türk Pespublikası ilə idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Xəbərlər
24 Noyabr 2025 19:22
56
MOK-da Şimali Kipr Türk Pespublikası ilə idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Kipr Türk Respublikası Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Şimali Kipr Türk Respublikası Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçiliyinin üçüncü katibi Görkem Reis, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.

Görüşdə Şimali Kipr Türk Respublikası ilə idman əlaqələrinin genişləndirilməsi, təlim-məşq toplanışlarının təşkili və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.

Çingiz Hüseynzadə qonaqlara Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında iştirakı və əldə olunan nəticələrlə bağlı məlumat verib. O, Bakı-2017-dən sonra Azərbaycan idmançılarının ən uğurlu nəticəsinin Türkiyənin Konya şəhərində keçirilən İslamiadada olduğunu bildirib. Vitse-prezident həmçinin Şimali Kipr türk Respublikasında yüksək səviyyəli təlim-məşq bazalarının olduğunu vurğulayıb.

Orçun Kamalı səmimi qəbula görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, islam ölkələri arasında keçiriləcək beynəlxalq yarışlarda təmsil olunmaq istədiklərini və bu istiqamətdə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyinə ümid etdiklərini qeyd edib.

Çingiz Hüseynzadə görüş zamanı qarşılıqlı idman əlaqələrinin daha da gücləndirilməsi, həmçinin İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti kimi beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə MOK-un dəstək göstərməyə hazır olduğunu bildirib.

İdman.Biz