Mütəxəssislər idmanda psixoloji hazırlığın vacibliyindən danışıblar - FOTO

Xəbərlər
1 Noyabr 2025 14:24
55
Mütəxəssislər idmanda psixoloji hazırlığın vacibliyindən danışıblar - FOTO

Odlar Yurdu Universitetində “İdman psixologiyası: bu günü və sabahı” mövzusunda maarifləndirici və faydalı tədbir keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Azərbaycan Karate Federasiyasının, Milli Olimpiya komitəsinin Təhlükəsiz idman hissəsinin idman psixoloqu Gülbəniz Məmmədli idmançılarla işləmək təcrübəsindən danışaraq, psixoloji hazırlığın yarış öncəsi gərginlik, həyəcan və stresin idarə olunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin motivasiya və özünəinamın formalaşması üçün tətbiq olunan metodlardan, fərdi psixoloji yanaşmaların effektivliyindən söz açıb.

Bildirilib ki, Respublika Olimpiya İdman Liseyinin psixoloqu Fatimə Cəfərli çıxışında məktəb yaşlı və gənc idmançılar arasında psixoloji dəstəyin erkən mərhələdən başlamasının vacibliyini qeyd edib. O, idmançının inkişafında valideyn, məşqçi və psixoloq üçbucağının ahəngdar əməkdaşlığının zəruriliyini xüsusi vurğulayıb.

Tədbirdə həmçinin milli komandalarımızın tanınmış idmançıları da iştirak edərək şəxsi təcrübələrini bölüşüblər. İmaməddin Xəlilov, İlaham Zəkiyev, Taleh Məmmədov, Kifayət Qasımova idman psixologiyasının rolundan, Paris oyunları öncəsi psixoloji seanaların nə işə yaradığından bəhs ediblər.Onlar psixoloji hazırlığın uğurlu çıxışlar və beynəlxalq arenada özünü inamla təqdimetmədə böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Qeyd edək ki, görüş canlı müzakirələr, maraqlı çıxışlar və qarşılıqlı fikir mübadiləsi ilə yadda qalıb.

İdman.Biz