“İlk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) səmimi təşəkkürümü bildirirəm”.
İdman.Biz xəbər verir ki, bunu Bakıda keçirilən “III Təhlükəsiz İdman Forumu”na onlayn qoşula Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz İdman Bölməsinin direktoru Kirsti Burovs deyib.
BOK rəsmisi MOK-un idmanda təhlükəsizliyin qorunması sahəsindəki addımlarını yüksək qiymətləndirib: “İlk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinə səmimi təşəkkürümü bildirirəm. Siz ildən-ilə əsl liderlik nümayiş etdirirsiniz. İdmanda təhlükəsizliyin qorunması sahəsində çalışanları, idmançıları, məşqçiləri, rəsmiləri və tərəfdaşları bir araya gətirirsiniz. Hamınızı birləşdirən ortaq məqsəd də budur: idmanda iştirak edən hər bir insan özünü təhlükəsiz, dəyərləndirilmiş və qorunmuş hiss etməlidir”.
O, MOK-un ötənilki forumdan bəri fəaliyyətinin daha da genişləndiyini söyləyib: “Bu forumda siz bir daha nümayiş etdirirsiniz ki, öhdəlikləri reallığa çevirmək, təhlükəsizlik və rifahı idman mədəniyyətinin bir hissəsinə çevirmək mümkündür. Beynəlxalq Olimpiya Komitəsi olaraq biz də bu qlobal təşəbbüsün inkişafına sizinlə birlikdə töhfə verməkdəyik”.