Tramplinlə tullanmada ağlasığmaz fırıldaq ifşa olundu

6 Fevral 2026 10:08
123
Tramplinlə tullanmada ağlasığmaz fırıldaq ifşa olundu

Qış idman növlərində dünya gündəmini sarsıdan şok iddia yayılıb. İdmançıların uçuş məsafəsini artırmaq üçün bədənlərinin genital nahiyəsinə xüsusi inyeksiyalar vurdurduğu məlum olub. Artıq Ümumdünya Antidopinq Agentliyi (WADA) məsələyə müdaxilə edib.

İdman.biz-in məlumatına görə, Almaniyanın “Bild” nəşri tərəfindən ifşa olunan bu metod tamamilə aerodinamik üstünlük qazanmağa hesablanıb.

Tramplinlə tullanmada geyimlər bədən ölçülərinə uyğun olaraq 3D skanerlərlə müəyyən edilir. Qaydalara görə, kostyum bədənə tam yapışmalıdır, çünki artıq qalan hər santimetr parça havada yelkən effekti yaradaraq uçuşu uzadır.

Hiylənin mahiyyəti budur ki, idmançılar ölçü götürülməzdən əvvəl genital nahiyəyə hialuron turşusu (qadağan olunmuş maddə deyil) inyeksiya edirlər. Skaner bədənin ən aşağı nöqtəsini əsas götürdüyü üçün, bu müdaxilə həmin nöqtəni süni şəkildə aşağı salır. Nəticədə skaner daha geniş kəsimli kostyuma icazə verir. Tədqiqatlar sübut edir ki, cəmi iki santimetrlik fərq aerodinamik müqaviməti azaldır və tullanma məsafəsinə altı metrə qədər əlavə edir. Bu faktı Beynəlxalq Xizək və Snoubord Federasiyasının rəhbər şəxslərindən biri də təsdiqləyib.

Məsələ artıq Olimpiya səviyyəsində müzakirə olunur. WADA rəhbərliyi hələlik rəsmi sübut olmadığını desə də, əgər nəsə üzə çıxsa, dərhal araşdırma başladılacağını bəyan edib. Beynəlxalq Xizək Federasiyası (FIS) isə hələlik idmançılar tərəfindən rəsmi etirafın gəlmədiyini bildirib.

Lakin ekspertlər bu metodu texnoloji fırıldaq adlandıraraq, qaydalarda boşluq olduğunu vurğulayırlar. Görünən odur ki, böyük qələbə naminə bəzi idmançılar hətta öz bədənlərini belə alətə çevirməkdən çəkinmirlər.

İdman.Biz