Ermənistan idmançılarından Olimpiya Oyunlarında SEPARATÇI ADDIM - MOK HƏRƏKƏTƏ KEÇDİ + YENİLƏNİB

6 Fevral 2026 15:07
202
Ermənistan idmançılarından Olimpiya Oyunlarında SEPARATÇI ADDIM - MOK HƏRƏKƏTƏ KEÇDİ + YENİLƏNİB

Bu gün rəsmi açılışı olan XXV Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistanı təmsil edəcək Nikita Raxmanin və Karina Akopova cütlüyü qısa proqramda “Arsax” adlı musiqini seçməklə separatçı və provokativ addım atıblar.

İdman.Biz xəbər verir ki, məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti bəyanat yayıb.

Bildirilib ki, Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin - Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır. Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

14:51

Bu gün rəsmi açılışı olan XXV Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistanı təmsil edəcək Nikita Raxmanin və Karina Akopova cütlüyü qısa proqramda “Arsax” adlı musiqini seçməklə separatçı və provokativ addım atıblar.

İdman.Biz xəbər verir ki, onlar bu proqramın xüsusi olaraq Milan-2026 üçün hazırlandığını və seçimin şəxsi təşəbbüslə həyata keçirildiyini bildiriblər.

Məlumat üçün bildirək ki, “Arsax” ifadəsi Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı separatçı siyasətin simvolu kimi istifadə olunub.

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsindən (MOK) saytımıza bildirilib ki, tezliklə bu məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, son zamanlar Azərbaycan və Ermənistan arasında sülh istiqamətində çox böyük addımlar atılır. Bu çərçivədə 2026‑cı ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüblər. Mükafat Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu‑Dabidə keçirilən mərasimdə təqdim olunub və onlara iki ölkə arasında sülh və əməkdaşlıq təşəbbüslərinə görə verilib.

Buna baxmayaraq, XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançıların qısa proqramda separatçı və provokativ musiqi seçməsi Olimpiya prinsipləri, eyni zamanda iki ölkə arasında davam edən sülh danışıqları ilə ziddiyyət təşkil edir. Bu addım rəsmi idman tədbirlərində siyasi və ideoloji mesajlara yol verilməməsi tələbini nəzərə alsaq, xüsusilə diqqət çəkir.

İdman.Biz