De Byazi: “Uduzmağı sevmirəm, buna görə çox əsəbiyəm”

Xəbərlər
16 Oktyabr 2023 23:17
273
De Byazi: “Uduzmağı sevmirəm, buna görə çox əsəbiyəm”

“Güclü komanda ilə görüşdə yaxşı mübarizə apardıq”.

İdman.biz-in məlumatına görə, bunu Avstriyaya məğlubiyyəti şərh edərkən Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində 0:1 hesabı ilə uduzan komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: “Fasiləyə kimi istədiyimiz oyunu nümayiş etdirə bilmədik. İkinci hissədə komanda yaxşı mübarizə apardı və dəyişikliklərə ehtiyac görmürdük. Biz inkişaf edirik. Torala görə təəssüflənirəm. Oyunu əla keçirsə də, topu qapıdan keçirə bilmədi. Son dəqiqələrdə fərqlənə bilsəydik, rəqib qələbəni bayram edə bilməyəcəkdi”.

Canni De Byazi bir neçə oyunçuya az şans verməsinə də aydınlıq gətirib. Yığmanın baş məşqçisi bəzi addımları atmağa məcbur olduğunu vurğulayıb: "Heyətdə 25 futbolçu var, iki nəfəri kənarda saxlamağa məcburuq. Bütün futbolçulara şans vermək istəyərdim, hamısı öz övladım kimidir. Uduzmağı sevmirəm, buna görə çox əsəbiyəm. Birinci hissədə topla daha yaxşı oynamalı idik. Bu günki oyuna görə futbolçulara təşəkkür düşür”.

İtaliyalı mütəxəssis yığmanın son üç oyunu haqqında da danışıb. O, rəqiblərdən təcrübə baxımından geri qaldıqlarını bildirib: “Seçmə mərhələsinə yaxşı başlamadıq. Səfərdə Avstriya və İsveç kimi güclü rəqiblərə uduzduq. Həmin oyunları təhlil edərkən təcrübə baxımından rəqiblərdən geri qaldığımız görünürdü. Buna görə də, çox işləməliyik. Qrupda daha çox xal yığıb, final mərhələsinə yüksələcəyimizi düşünmək absurddur".

İdman.biz