Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmanın qarşıdakı oyunları, heyətdəki rotasiyalar, qapıçılar və Azərbaycan futbolunun problemləri ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında qarşıda onları 4 matçın gözlədiyini bildirib.
“Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir ki, qısa müddətdə ardıcıl 4 oyun keçirəcəyik. Heyəti geniş etdik. Futbolçularımızın bəziləri komandaya gec qoşulub. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz də gec gəlib. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah yaxşı oynayıb qalib gəlmək istəyirik. Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hər kəs əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik”.
Abbasov Tacikistanın rəqib seçilməsinin səbəblərindən də danışıb:
“Yoldaşlıq görüşləri məcburidir. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn və Litva bir az fərqli komandalardır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara uyğun seçmişdik, Malta və San-Marinonu. Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır”.
Baş məşqçi sıx oyun qrafikinin futbolçulara təsirindən də söz açıb:
“Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayan futbolçulara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun keçirir. Bu da futbolçunun zədələnməsi ehtimalını artırır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi düşünürük. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə futbolçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var”.
Ayxan Abbasov Şahruddin Məhəmmədəliyevin bu dəfə milliyə çağırılmamasına, həmçinin Səlahət Ağayevin açıqlamasına münasibət bildirib.
“Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev “Neftçi”də, Aydın Bayramov “Zirə”də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçılardandır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddin çempionatda şans qazanacaq. Təəssüf ki, olmadı. O da milli karyerasını düşünməlidir.
Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olunmamışdı. Ancaq biz onu “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillələrdə gedirdi. Amma biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq”.
Abbasov Mahir Emrelinin çıxışını izləmək üçün Polşaya səfərinə olan reaksiyalardan da danışıb:
“Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya münasibətin dəyişdiyini görmüşük.
Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük. Mahir haqda onlardan xoş sözlər eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda da bizdən soruşdular. Burada pis bir şey yoxdur”.
Azərbaycan millisinin baş məşqçisi Litva yığmasının çalışdırıcısı Edqaras Yankauskasın Azərbaycan futbolu ilə bağlı fikirlərinə də münasibət bildirib:
“Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələri o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər.
O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşlərdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, “Kəpəz”in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun”.
Qeyd edək ki, Azərbaycan – Tacikistan qarşılaşması sentyabrın 23-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
