Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov baş məşqçi olması prosesinin və AFFA ilə müqaviləsinin detallarını, həmçinin hədəfləri açıqlayıb.
İdman.Biz bildirir ki, “Sağlam Radio 93FM”də yayımlanan “Offside” verilişinin qonağı olan 44 yaşlı mütəxəssis A milli komandasının başına gətirilməsi ilə bağlı belə deyib:
“Gözlənilməz oldu, açıq demək lazımdır. U-21 millisi ağır Portuqaliya səfərindən gəlmişdi. Oteldə idik. Qarşıda Bolqarıstanla oyun var idi. Məşqdən sonra idi. AFFA-nın baş katibi görüşmək istədi. Dedi ki, baş məşqçi istefaya gedir və istəyirik ki, növbəti oyun A millinin başında siz olasınız. Həmin anda bu mənim azərbaycanlı kimi borcum idi. Həmin gecə elə hər iki komandanı hazırladıq.
A milli ilə iclas oldu. Oyundan əvvəlki gün axşam saat 11-də. Futbolçularla danışdıq. Gecə ilə iki futbolçu dəvət etdik. “Sumqayıt”dan Rüstəmi və “Sabah”dan Xaybullanı. Ertəsi gün səhərə bir taktiki məşq təyin etdik. Məşqdə oyunçuların yüksək əhval-ruhiyyəsini gördük. Ukrayna ilə oyundakı xal çox önəmli oldu. Azarkeş dəstəyi, inamı artdı.
Oyunçulara dedim ki, hər dəfə uduzub üzr istəmək yaxşı deyil. Ondansa, oyunda sonadək mübarizə aparsaq, lap məğlub olsaq, azarkeş bunu görəcək. Futbolçular oyunlarda canlarını qoydular”.
Abbasov milli yığmanın zəif nəticələrindən də söz açıb: “Milli komanda futbolçu yetişdirmir. Futbolçular klublarda yetişir. Milli komandaların baş məşqçilərinin geniş seçim imkanları olmalıdır. Bizim İslandiya, Çexiya və digər rəqiblərə uduzmağımız normaldır. Bu gün yalnız biz bu cür məğlub olmur. Bizdən də çətin anlar yaşayan millilər var.
Digər millilər niyə inkişaf edir? Kosovonu götürək. Oyunçularının 99%-i yaxşı liqalarda oynayırlar. Təslim olmaq lazım deyil. Daha yaxşı ola bilərik. 3-4 klubla bu iş düzəlməz. Digər klublarda da irəliləyiş olmalıdır. İşlər gedir. Biz yaxşlığa doğru getmək istəyirik, amma yavaş-yavaş gedirik.
Futbolda D liqasına düşməyi real qəbul etmək lazımdır. Mənə 5 səbəb göstərə bilərsiz ki, niyə İslandiyanı udmalıyam? Əlbəttə, uduzmaq istəmirik. İnanın, ən çox udmağı futbolçular və biz istəyirik. Amma reallıq var”.
Mütəxəssis AFFA ilə müqaviləsinin detallarına toxunarkən belə deyib:
“Müqaviləmin detallarının açıqlanmaması məni narahat etmir, narahat olanlar var. Müqaviləm var. Müddət də var. Mənim AFFA ilə U-21 yığmamızla iki illik sözləşməm vardı. Fransaya qarşı oyundan əvvəl əsas milli komandaya görə danışıqlara başlayanda biz detallı şəkildə danışdıq. Əsas məqsəd 4 oyunda mübarizə aparmaq, komandada ruhu, sistemi qurmaq idi. Xal qazanmaq da istəyirdik, ehtiyacımız vardı. Amma təəssüf ki, çətin oldu, bu da gözlənilirdi.
Problem olmazsa, hələ milli komandanın başındayıq. Martda toplanış olacaq, Millətlər Liqası oyunları gələcək. AFFA rəhbərliyi ilə planlarımızı Millətlər Liqasına qədər fikirləşirdik. Həyatdır, hər şey ola bilər. Amma bu gün, sabah, hər gün danışırıq, inşallah ki, problem olmaz”
