Bakıda keçirilən UFC turnirini izləyənlər arasında Rusiyada yaşayan həmyerlimiz Xəyal Canıyev də olub.
Tanınmış MMA döyüşçüsü "UFC Fight Night"la bağlı fikirlərini İdman.biz-ə bildirib.
Canıyev möhtəşəm, qlobal və genişmiqyaslı bir turnir olduğunu deyib: "Fikrimcə, bu, Azərbaycanda MMA üçün, ümumilikdə Azərbaycan idmanı üçün yaxşı təkan olacaq. Mən də məhz bu turniri izləmək üçün Rusiyadan gəlmişəm – bizim uşaqları dəstəkləmək, azarkeşlik etmək üçün".
O, Nazim Sadıxovun döyüşünün parlaq, baxımlı, emosional keçdiyini vurğulayıb: "Döyüş kəşfiyyatla başladı, sonra, təəssüf ki, Nazim qarın nahiyəsinə zərbələr aldı, amma sınmadı. Bu da onu göstərir ki, Nazimin xarakteri güclüdür, ruhu möhkəmdir. O dözdü və sonra özü də güclü, dağıdıcı zərbələr endirdi. Çox parlaq döyüş nümayiş etdirdi və layiqli qələbə qazandı".
Tofiq Musayevin çıxışını dəyərləndirən Canıyev təəssüfünü gizlətməyib: "Hamı gözləyirdi ki, Tofiq yaxşı çıxış edəcək, qalib gələcək, bizi sevindirəcək. Təəssüf ki, belə olmadı. Bəxti də gətirmədi. Ümid edirəm ki, səhvləri üzərində işləyəcək və daha güclü qayıdacaq".
O, Rafael Fiziyevin çox taktik və texnikalı, həmçinin ağılla döyüşdüyünü bildirib: "Rəqib çox güclü, ciddi, narahatedici və maksimum dərəcədə hündür idi. Belələri ilə döyüşmək çətindir. Amma Rafael çox səviyyəli və taktiki döyüş göstərdi – həm ayaqüstü mövqedə, həm də güləşdə. O, göstərdi ki, həm müdafiə oluna, həm də hücum edə bilir. Bu səbəbdən döyüş parlaq, gözəl və həyəcanlı oldu. Hamının xoşuna gəldi".
Canıyev özünün də Bakıda döyüşmək istədiyini dilə gətirib: "Mənim də ürəyimdən keçdi ki, vətənimdə belə bir turnirdə döyüşüm. Ümid edirəm ki, bu turnir azərbaycanlı MMA döyüşçüləri üçün yaxşı bir təkan olacaq".
İdman.biz