Rusiyalı döyüşçü Taqir Ulanbekov iyunun 21-də Bakıda keçiriləcək UFC turnirinə hazırlığından danışıb.
İdman.biz xəbər verir ki, o, Azərbaycan mətbuatının nümayəndələri üçün keçirilən mətbuat konfransında yarışla bağlı gözləntilərini bölüşüb.
Ulanbekov əvvəlcə Keji Horiquçi ilə qarşılaşmalı olsa da, lakin yapon döyüşçünün imtinasında sonra onu qazaxıstanlı Azat Maksum əvəz edib. O, rəqibinin dəyişməsinə münasibət bildirib: "Hazırlıqda heç nəyi dəyişmədik, məşq planlaşdırılan qrafikə uyğun gedir. Çox təəssüf ki, zədəli olan Horiquçi ilə döyüşə bilməyəcəm, amma Maksum da layiqli və istedadlı rəqibdir. O, üç il əvvəl təlim-məşq toplanışımıza gəlmişdi. Mən bu döyüşçünü izləmişəm, onun üslubunu bilirəm və buna hazırlaşıram".
O, Həbib Nurməhəmmədovun rəhbərliyi altında keçirdiyi məşqdən danışıb. "Bu vəziyyət ruhlandırıcıdır. Həbib böyük çempiondur və onun rəhbərliyi altında məşq etmək böyük şərəfdir".
Ulanbekov turnirin Bakıda keçirilməsi amilini də qeyd edib. "Mən Azərbaycana gəlməkdən məmnun qalacağam, Dağıstandan cəmi bir neçə saatlıq məsafədədir. Əminəm ki, yerli ictimaiyyət məni yaxşı qarşılayacaq və əlavə uyğunlaşma tələb olunmur".
Rusiyalı döyüşçü əlavə edib ki, döyüşə bir həftə qalmış Bakıya gələcək: "Komandamın Bakıya gəldiyi zaman hansı tərkibdə olacağını hələ dəqiq bilmirəm. Amma Həbib Nurməhəmmədov mənim küncümdə olacaq. Azarkeşlər, qohumlar, dostlarım da döyüşə baxmaq üçün Bakıya uçacaqlar - əlavə dəstək olacaq".
Ulanbekovun UFC-də beş qələbəsi var və o, titul uğrunda mübarizənin perspektivlərindən danışıb. "Hələ nəsə demək tezdir, mən konkret rəqibə hazırlaşıram. Amma demək istəyirəm ki, əla komandam var və kəmər uğrunda mübarizə apara bilərəm".
O, Azərbaycan mətbəxini dadmaq istədiyini də etiraf edib. "Bakı haqqında, xüsusən də milli mətbəxlə bağlı çox xoş sözlər eşitmişəm. Yerli azarkeşlərin dəstəyinə ümid edirəm, Azərbaycanda döyüşməyə şad olaram".
Zəki Feyzullayev
İdman.biz