Azərbaycanda UFC-də çıxış edən tanınmış döyüşçülərin olmasına baxmayaraq, ölkədə MMA-nın inkişafı hələ də arzuolunan səviyyədə deyil. Bir neçə idmançı beynəlxalq səviyyədə uğur qazana bilib. Digərləri isə peşəkar liqaların və maliyyə dəstəyinin az olduğu şəraitdə özlərinə yeni imkanlar yaratmağa çalışırlar. Azərbaycanın Qusar rayonundan olan 34 yaşlı MMA döyüşçüsü Marat Safarovun hekayəsi də bu çətinliklərdən xəbər verir.
Safarov karyerasına 25 yaşında başlayıb və bundan əvvəl heç vaxt idmanla məşğul olmayıb. Döyüşçünün özünün də qeyd etdiyi kimi, onun yerində başqası olsa belə bir dəyişikliyə cəsarət etməzdi.
“İdmana gec başlamışam. Artıq iki övladım var idi. Ondan əvvəl məşq etmirdim. Belə hala çox nadir rast gəlinir. İnsanların övladları olanda müxtəlif problemlər yaranır və adətən idmanı atırlar. Məndə isə hər şey fərqli oldu, çünki həmişə arzum var idi. Qısa müddətdə hər şeyi öyrəndim və artıq 10 ilə yaxındır idmandayam. Hələlik dayanmaq barədə düşünmürəm”, - deyə o, İdman.Biz-ə açıqlamasında bildirib.

Marat Safarov idmanın həyatını kökündən dəyişdirdiyini və zərərli vərdişlərdən uzaqlaşmasına kömək etdiyini etiraf edib.
“İdmana qədər ümumiyyətlə heç nəyim yox idi. Siqaret çəkir, spirtli içki qəbul edirdim. Sonra hər şeyi atdım və dinə, idmana yönəldim. Qusarda məni tanıyan hər kəs deyir: “Bu, ümumiyyətlə, necə mümkün oldu? Bu insan həmişə siqaret çəkirdi, içkili olurdu”. Mən nəyisə özüm üçün dəyişmək istədim. Həmişə bir arzum olub – övladlarıma nümunə olmaq”.
Lakin MMA-da uğurlu peşəkar karyera qurmaq o qədər də asan olmayıb. Safarov bütün bu illər ərzində məşqlərlə yanaşı, adi işini də davam etdirməli olub - o, sürücü işləyir.
Hazırda onun aktivində doqquz döyüşdə altı qələbə və üç məğlubiyyət var. Marat Safarov sonuncu döyüşünü avqustun sonunda Özbəkistanda keçirilən yeni "Mangu Professional League 4" turnirində keçirib. Onun rəqibi yerli döyüşçü Şohrux Toraxanov olub. Safarov qalib gəlsə də, bundan əvvəl menecerlərlə uyğun liqalarla bağlı razılığa gəlməkdə çətinlik çəkdiyi üçün bir il ərzində döyüşə çıxmayıb.
“Bu, yeni liqadır, çox yaxşıdır. Rəqib də güclü idi. Açığı, asan olmadı. O, daha gənc olduğu üçün favorit sayılırdı. Taylandda və başqa yerlərdə təlim-məşq toplanışları keçirir, yaxşı hazırlaşırdı. Məndə isə heç rejim, məşq planı, qidalanma proqramı belə yox idi. Mən sürücü işləyirəm. Səhər evdən çantamı götürüb çıxıram. Vaxt olanda zala gedirəm. Ona görə də bu döyüşü sırf xarakter hesabına qazandım”, - deyə Safarov bildirib.
View this post on InstagramO, bu liqanın ona daha bir neçə döyüş təklif edəcəyinə ümid edir. Bununla belə, ümumilikdə döyüşlərinin az olduğunu etiraf edir və bunu ölkədə MMA-nın inkişafı ilə bağlı problemlərlə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycanda bu idman növündə özünü göstərmək çox çətindir. Çünki peşəkar liqalar yoxdur və idmançılara kifayət qədər dəstək göstərilmir. Bununla yanaşı, ortaya çıxan təşəbbüslər də müəyyən mərhələdə maliyyə problemləri səbəbindən dayanır.
“Bizdə yaxşı liqalar olsaydı, haqqımızda da hamı bilərdi. Özbəkistandan, Rusiyadan bura döyüşməyə gələrdilər. Amma bu yoxdur və bizim üçün çətindir. Bizi ildə bir-iki dəfə xaricə göndərirlər. Açığı, bu mənim üçün çox azdır. Çünki yaş da keçir. Bundan sonra daha çətin olacaq. Azərbaycanda perspektivli gənclər çoxdur. Yaxşı dəstək olsaydı... Hamının bir problemi var - işi məşqlə birləşdirmək məcburiyyətində qalırlar. Kimsə buna görə yorulur və idmanı atır”.
Marat Safarov MMA-dakı problemlərdən danışarkən özünün ilk döyüşlərini də nümunə göstərib. Onun sözlərinə görə, heç bir təcrübəsi olmayan idmançıları belə birbaşa peşəkar döyüşlərə çıxarırlar. O hesab edir ki, bəzi hallarda şəxsi maraqlar naminə bu sahədə heç bir təcrübəsi olmayan gənc döyüşçülərdən istifadə edilir.
“Mən başlayanda çəki salmaq, bərpa olunmaq, düzgün qidalanmaq barədə heç nə bilmirdim. Bir həvəskar döyüş keçirdim və məni utanmadan aparıb peşəkar döyüşə çıxardılar. Həmin vaxt peşəkar MMA haqqında heç nə bilmirdim. Yəni insanı sanki küçədən götürüb peşəkar döyüşçünün qarşısına çıxarırlar.
Təəssüf ki, belə hallar indi də çoxdur. Pul xatirinə gəncləri harasa aparırlar. "TikTok" çəkilişləri naminə. Sonra internetdə gözəl kadrlar paylaşırlar. Əslində isə döyüş ümumiyyətlə alınmır, idmançı 10 saniyəyə məğlub olur. Məndə də eyni vəziyyət yaşanmışdı. Amma o zaman özümə verdiyim sözü yerinə yetirmək qərarına gəldim - həyatda heç olmasa bir peşəkar döyüş keçirmək istəyirdim”.
Bu uğursuz döyüşdən sonra Marat Safarov yeni komanda axtarmağa başlayıb. Ona vaxtilə azərbaycanlı MMA döyüşçüsü olmuş, “Xeyirxah ləzgi” ləqəbi ilə tanınan Bəxtiyar Arzumanov kömək edib. Safarov onun haqqında “Qusar əfsanəsi” ifadəsini işlədir. Arzumanov onu həmin vaxt Azərbaycan MMA-sının tanınmış döyüşçülərinin, o cümlədən Tofiq Musayevin də məşq etdiyi zala aparıb.
“Biz təxminən dörd il birlikdə məşq etdik. Sonra hamı müxtəlif istiqamətlərə dağıldı. Artıq iki-üç ildir ki, Fəridlə (Fərid Əlibabazadə – Azərbaycanın MMA döyüşçüsü – red.) öz komandamızı yaratmışıq. Baş məşqçi odur. İki zalımız var. Fərid mənə lap əvvəldən çox kömək edib və indi də kömək edir. Hətta Özbəkistandakı döyüşə hazırlaşanda işdən sonra zala gedirdim, məşq artıq bitmiş olurdu. O isə mənim üçün bir neçə nəfəri saxlayırdı ki, mən də məşq edə bilim”.
Döyüşçünün sözlərinə görə, onu ruhdan düşməməyə övladları motivasiya edir. O, bir gün özünü daha yüksək səviyyədə göstərmək şansı qazanacağına ümid edir.
“Bəlkə də kimsə məni görəcək. Həyatda hər şey mümkündür. İnsan özü istəsə, hər şeyə nail ola bilər. Hətta Marat Balayev haqqında sənədli film də var. O, 27 yaşında həbsxanaya düşüb, 37 yaşında azadlığa çıxıb və peşəkar karyerasına başlayıb. Hər şey onun üçün yaxşı alındı. İnsan sadəcə özünə inanırdı və sona qədər getdi. Əsas odur ki, inanasan. Bir az da dəstək olsa, hər şey mümkün olacaq”.


