Sentyabrda keçirilməsi planlaşdırılan peşəkar MMA turniri ləğv olunub. Onun əvəzində oktyabrın 11-də Həvəskar MMA üzrə Beynəlxalq Federasiyanın (IMMAF) himayəsi altında yarış keçiriləcək.
Bu barədə İdman.Biz-ə Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Şəhriyar Abbasov məlumat verib.
Peşəkar turnirin keçirilməməsinin əsas səbəbi Abbasovun daha əvvəl İdman.Biz-ə açıqladığı kimi, ölkədə bu idman növü ilə bağlı mövcud problemlər və döyüşçülərin səviyyəsi ilə əlaqəlidir.
Vitse-prezident həmin vaxt peşəkar yarış keçirmək üçün ən azı 10 layiqli cütlük tapmağa ümid etdiyini bildirmişdi. Lakin sonradan bunun mümkün olmadığı qənaətinə gəlib.
“İdmançıların sayı çox azdır və səviyyələri də olduqca aşağıdır. Onları peşəkar döyüşə çıxarmaq bir tərəfdən günahdır, digər tərəfdən isə sadəcə biabırçılıq olar. Bu gün döyüşsələr belə, iki raundu başa vura bilməzlər. Onlar həm psixoloji, həm də fiziki cəhətdən hazır deyillər. Adam bu ifadəni işlətmək istəmir, amma distrofikdirlər. Sadəcə biabırçılıqdır”, - deyə o bildirib.
Şəhriyar Abbasov problemin əsas səbəbini MMA və Qrapplinq Federasiyasının Azərbaycanda zəif fəaliyyəti ilə əlaqələndirib: “Ona görə də potensiallı uşaqlar, yaxşı kadrlar yetişmir. MMA-da yeni başlayan, səviyyəsi zəif olan idmançılara həvəskar turnirlərdə heç bir döyüş tarixçələri olmadan rekord yazırlar. Sonra isə onları peşəkar döyüşlərə çıxarıb kənarda “torba” kimi çırpdırırlar. Belə uşaqlar çoxdur, amma bizə belə idmançılar lazım deyil. Onlara döyüş verməyin heç bir mənası yoxdur”.
Onun sözlərinə görə, həvəskar turnirlərin keçirilməsi vacibdir. Bu yarışlar idmançıların təcrübə qazanmasına, forma yığmasına və səviyyələrini yüksəltməsinə imkan verir. Daha sonra onlar Avropa və dünya çempionatlarında iştirak edə, müəyyən yaş həddinə çatdıqdan sonra isə peşəkar MMA-ya keçid üçün hazır vəziyyətə gələ bilərlər.
“Bizə bir az vaxt lazımdır. Hazırda IMMAF yarışlarını keçiririk ki, yeni idmançılar üzə çıxsın və tədricən yeni nəsil yetişsin. Düşünürəm ki, 2027-ci ilin sonuna və ya 2028-ci ildə peşəkar yarışların keçirilməsinə başlaya bilərik. Noyabrda Gürcüstanda dünya çempionatında da iştirak edəcəyik. Görək, idmançılarımız orada necə çıxış edəcəklər”, - deyə Abbasov vurğulayıb.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək turnir Azərbaycan MMA Federasiyasının zalında təşkil olunacaq. Yarışda 15 yaşadək idmançılar mübarizə aparacaqlar. Noyabr ayında isə Bakıda gənclər və böyüklər arasında həvəskar turnirin keçirilməsi planlaşdırılır.
