“Əsas hədəf kəməri yenidən geri qaytarmaqdır” - Vüqar Kərəmovun İDMAN.BİZ-ə AÇIQLAMASI

10 Sentyabr 2026 16:10
94
“Əsas hədəf kəməri yenidən geri qaytarmaqdır” - Vüqar Kərəmovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Görüş tam düşündüyümüz ssenari üzrə keçdi”.

Bunu azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın nüfuzlu “Super RIZIN 5” turnirində keçirdiyi son döyüş barədə İdman.Biz-ə açıqlamasında deyib.

33 yaşlı idmançı Ryo Takagi ilə qarşılaşması, döyüşün gedişi və qarşıdakı planları barədə fikirlərini bölüşüb.

“Üç raundluq mübarizənin sonunda hakimlərin yekdil qərarı ilə qələbə qazandım. Əvvəlcə ayaqüstə işləyib, ardından parterə keçərək ağrılı fənd və ya zərbələrlə üstünlük qazanmağı planlaşdırmışdıq.

Bu qarşılaşma kəmərə gedən yolda keçid xarakteri daşıyırdı. Titul döyüşünə çıxmaq üçün qarşıda daha bir görüşüm qalıb. Onu da qazanmalıyam. Əsas hədəf kəməri yenidən geri qaytarmaqdır. Böyük ehtimalla, növbəti döyüşüm dekabrın sonunda baş tutacaq”, - deyə Kərəmov bildirib.

Qeyd edək ki, Vüqar Kərəmov “Super RIZIN 5” turniri çərçivəsində 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşıb. Azərbaycan təmsilçisi üç raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlər görüşü 29:28, 30:27, 30:27 hesabları ilə Kərəmovun xeyrinə qiymətləndiriblər.

Xatırladaq ki, Vüqar Kərəmov 2023-cü ildə Mikuru Asakuranı məğlub edərək RIZIN-in 66 kq çəki dərəcəsində çempionluq kəmərini qazanıb. Həmin il Çihiro Suzukiyə məğlub olaraq titulunu itirib.

İdman.Biz