Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin “The Ultimate Fighter” (TUF) realiti-şousunun 34-cü mövsümünün finalına yüksəlib.
İdman.Biz xəbər verir ki, avqustun 25-də yayımlanan mövsümün sonuncu, 12-ci bölümündə Azərbaycan təmsilçisi yarımfinal görüşündə ən yüngül çəki dərəcəsində amerikalı Kristian Stronqla qarşılaşıb.
Osmanlı ikinci raundda vaxtından əvvəl qələbə qazanıb. Stronq tərəfindən yerə keçiriləndən sonra azərbaycanlı döyüşçü aşağı vəziyyətdə qalıb. Lakin o, rəqibini nadir boğucu fənd olan “buggy choke” ilə tutmağı bacarıb. Komandanın baş məşqçisi Maykl Bispinq həmin anda yetirməsinə tutuşu buraxmağı və ayağa qalxmağa çalışmağı məsləhət görüb. Lakin Osmanlı fəndi davam etdirib və nəticədə rəqibini təslim olmağa məcbur edib.
Bu qeyri-adi finiş UFC prezidenti Dana Uaytın da diqqətini çəkib. O bildirib ki, bildiyi qədərilə “buggy choke” fəndi UFC-də indiyədək heç vaxt uğurla tətbiq edilməyib. Bununla yanaşı, Osmanlı bu fəndi karyerasının bu günə qədərki ən vacib döyüşündə həyata keçirə bilib.
Stronq ilk raundda dəfələrlə güləşdən istifadə etməyə və azərbaycanlı döyüşçünü yerə keçirməyə çalışıb. Lakin Osmanlı bir neçə dəfə ayağa qalxaraq mübarizəni ayaqüstə davam etdirib. Burada o, rəqibindən daha təhlükəli görünüb. Raundun sonlarında isə dəqiq zərbələr seriyası və diz zərbəsi ilə yadda qalıb. İkinci raundda amerikalı yenidən rəqibini yerə keçirməyə üstünlük verib, lakin məhz bundan sonra özü boğucu fəndə düşüb.
İndi Osmanlının finaldakı rəqibi Qırğızıstanı təmsil edən İlimbek Akılbek uulu olacaq. Maraqlıdır ki, hər iki döyüşçü mövsüm ərzində Maykl Bispinqin komandasında yer alıb. Lakin həlledici döyüşlərdən əvvəl onların arasında ciddi münaqişə yaşanıb.
Məşqlərdən birində Akılbek uulu Osmanlı ilə sparrinq zamanı yuxarı vəziyyətdə olarkən dirsəklərlə zərbələr endirməyə başlayıb. Azərbaycanlı döyüşçü komanda yoldaşının hərəkətlərindən narazı qalıb və bundan sonra onların arasında şifahi mübahisə başlayıb. Məşqçilər idmançıları ayırmalı olublar. Buna baxmayaraq, sparrinq davam etdirilib və qısa müddət sonra münaqişə yenidən alovlanıb.
Gərginlik sonradan da davam edib. Çəkiölçmə mərasimindən əvvəl Osmanlı yenidən Akılbek uulunun yanına yaxınlaşaraq onu şillə vurmaqla hədələyib. Maykl Bispinq və Daniel Kormye də şifahi mübahisəyə müdaxilə etməli olublar. Nəticədə əvvəllər eyni komandada çıxış edən döyüşçülərin finalı əlavə prinsipiallıq qazanıb.
Yeri gəlmişkən, Osmanlı sonuncu bölümdə UFC-nin sabiq çempionu Merab Dvalişvili ilə də məşq edib. Gürcüstanlı döyüşçü Bispinqin komandasının məşqinə dəvət olunub. O, iştirakçılara güləş bacarıqlarını nümayiş etdirib və ayrıca Azərbaycan təmsilçisi ilə çalışıb.
Qeyd edək ki, Osmanlı finala gedən yolda daha əvvəl layihənin favoritlərindən biri olan Artem Belaxı məğlub edib. Azərbaycanlı döyüşçü 1/4 final görüşünü artıq ilk raundda arxadan boğucu fəndlə başa çatdırıb.
Məhəmməd Əli Osmanlı ilə İlimbek Akılbek uulu arasında “The Ultimate Fighter” 34-ün finalı sentyabrın 26-da Las-Veqasda keçiriləcək. Kişilər arasında turnirin qalibi UFC ilə müqavilə əldə edəcək.
Beləliklə, Osmanlını dünyanın ən güclü MMA təşkilatına düşməkdən cəmi bir qələbə ayırır.
