UFC Bakı turnirinin rekord göstəriciləri açıqlanıb

2 İyul 2026 11:09
90
UFC Bakı turnirinin rekord göstəriciləri açıqlanıb

Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan “TKO Group Holdings” şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, təşkilatçılar tədbirin böyük uğurla başa çatdığını vurğulayaraq, Milli Gimnastika Arenasının tribunalarının tam dolduğunu və turnirin rəqəmsal platformalarda yüksək nəticələr əldə etdiyini bildiriblər.

UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı yayımlanan kontent 612,9 milyondan çox təəssürat və videolar 297,3 milyon baxış toplayıb.

Döyüş həftəsi ərzində 50 milyondan çox izləyicisi olan rəsmi “Instagram” hesabında hər gün Bakıdan paylaşımlar edilib, dünya auditoriyasına turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları çatdırılıb.

Bakıda keçirilmiş UFC turniri ilk dəfə olaraq dünyanın ən böyük striminq platformalarından biri olan “Paramount+” vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir. Bakıdakı turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Tədbir beynəlxalq medianın da diqqət mərkəzində olub – UFC Bakı gecəsini 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

İdman.Biz