Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə yeni “Meta UFC Rankings” reytinqində ilk “15-liy”ə daxil olub.
İdman.Biz xəbər verir ki, “Meta” şirkətinin süni intellekti (AI) tərəfindən hazırlanan yenilənmiş reytinqdə azərbaycanlı döyüşçü yüngül çəkidə 13-cü pillədə qərarlaşıb. Onun adının qarşısında yer alan N/R (Not Ranked) işarəsi Fiziyevin əvvəlki reytinq yenilənməsində ilk “15-liy”ə daxil olmadığını və “UFC Baku” turnirində qazandığı qələbədən sonra ilk dəfə bu siyahıya düşdüyünü göstərir.
Bununla yanaşı, UFC-nin saytında hələ də mövcud olan və aparıcı MMA nəşrlərinin nümayəndələrinin səsverməsi əsasında tərtib edilən ənənəvi media reytinqində Fiziyevin mövqeyi daha yüksəkdir. O, əvvəlki reytinqlə müqayisədə bir pillə irəliləyərək 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, UFC bu yaxınlarda süni intellekt əsasında hazırlanan yeni reytinq sistemini tətbiq edib. Bu reytinq təkcə döyüşlərin nəticələrini deyil, idmançıların turnirlərdə iştirak fəallığını da nəzərə alır. Bakıda keçirilən UFC turniri isə yeni “Meta UFC Rankings” sisteminin tətbiqindən sonra təşkil olunan və nəticələri bu reytinqdə ilk dəfə nəzərə alınan yarış olub.
Xatırladaq ki, Fiziyev iyunun 27-də Bakıda keçirilən UFC turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi ikinci raundun 15-ci saniyəsində nokautla məğlub edib. “Meta UFC Rankings” reytinqində Torres bu məğlubiyyətdən sonra yüngül çəki dərəcəsinin ilk "15-liy"ində yer almır. Ənənəvi media reytinqində isə o, 15-ci pillədə qalıb.
UFC Baku turnirində çıxış edən digər azərbaycanlı döyüşçülər reytinqin hər iki versiyasında ilk "15-liy"ə düşə bilməyiblər. Xatırladaq ki, Fərman Həsənov Bakı turnirində amerikalı Erik Nolanı məğlub edib, Tahir Abdullayev braziliyalı Cefferson Nasimentudan güclü olub, Nazim Sadıxov isə braziliyalı Mateus Kamilyoya uduzub.
UFC Baku turnirinin digər iştirakçılarının da reytinqində ciddi dəyişikliklər baş verib. Assu Almabayev Çarlz Conson üzərində qələbədən sonra “Meta UFC Rankings” reytinqində ən yüngül çəkidə altıncı pilləyə yüksəlib, media reytinqində isə yeddinci yeri tutur. İkram Ələsgərov orta çəkidə “Meta UFC Rankings” siyahısında 10-cu pilləyə qalxıb, media reytinqində isə ilk “15-liy”ə daxil olub. Abus Maqomedov isə Mixal Olekseyçuk üzərində qələbədən sonra “Meta UFC Rankings” reytinqində debüt edərək 15-ci yerdə qərarlaşıb.
