Bakıda keçirilən “UFC Fight Night Baku” turnirində braziliyalı Mateus Kamiloya uduzan Azərbaycan döyüşçüsü Nazim Sadıxov paylaşım edib.
İdman.Biz xəbər verir ki, yüngül çəki dərəcəsində çıxış edən idmançı hakimin düzgün qərar vermədiyini bildirib:
“Mənə göstərdiyiniz möhtəşəm dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Öz evimdə döyüşmək sözlə ifadə olunmayacaq bir hiss idi. Döyüşdən sonra xalqımın mənə bu qədər sahib çıxması məni həqiqətən duyğulandırdı.
İnanıram ki, döyüş lazım olduğundan tez dayandırıldı. Görmədiyim çox yaxşı bir zərbə aldım və özümə gəlmək üçün mənə bir fürsət verilməli idi. Keçən il bundan qat-qat ağır zərbələr aldım, toparlandım və nəticədə hamının yadında qalan möhtəşəm bir döyüş alındı. Məncə, hamımız qanlı və yaddaqalan başqa bir döyüş izləmək fürsətindən məhrum olduq.
Amma hər şeydə bir xeyir var. Mən bu nəticə ilə barışmışam və bu, mənim üçün qətiyyən son deyil. Hər şeyə görə əlhəmdülillah. İnşallah, daha güclü qayıdacağam və sizə birlikdə qeyd edəcəyimiz qələbələr bəxş edəcəyəm.
Rəqibimi və onun komandasını da təbrik edirəm”.
Qeyd edək ki, Nazim Sadıxov rəqibinə ilk raundda nokautla uduzub.
