Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin Bakıda keçirilən turnirin əsas döyüşündə meksikalı Manuel Torres üzərində qazandığı möhtəşəm qələbə MMA aləminin tanınmış simalarının diqqətindən yayınmayıb.
İdman.Biz xəbər verir ki, Fiziyevin ikinci raundda rəqibini parlaq nokautla məğlub etməsindən sonra bir çox UFC döyüşçüsü və ekspert sosial şəbəkələrdə onun çıxışını yüksək qiymətləndirib.
UFC-nin sabiq yarımorta çəki çempionu Belal Məhəmməd ilk olaraq Fiziyevin möhtəşəm qələbəsinə münasibət bildirib.
"Vau, nə möhtəşəm bitiriş!", – deyə o yazıb.
Daha sonra Məhəmməd azərbaycanlı döyüşçünün zərbə texnikasını xüsusi vurğulayıb:
"Torres geri qayıdacaq, o, çox dözümlü döyüşçüdür. İnsanlar sadəcə Fiziyevin zərbə texnikasının nə qədər yüksək səviyyədə olduğunu anlamırlar".
O, həmçinin Rafael üçün maraqlı ola biləcək növbəti rəqibi də təklif edib:
"Fiziyev – Yair döyüşü möhtəşəm olardı", – deyə Məhəmməd Rafaelin meksikalı Yair Rodrigeslə qarşılaşmasını arzuladığını bildirib.
UFC-nin yüngül çəki döyüşçüsü Terrens Makkinni də emosiyalarını gizlətməyib:
"Lənət olsun, bu çox amansız idi! Rafael geri döndü".
UFC döyüşçüsü Zak Pauqa isə Fiziyevi qiymətləndirməkdə yanıldığını etiraf edib:
"Mən düzgün proqnoz verəndə özümü həmişə tərifləyirəm. Ona görə də yanıldığımı etiraf etmək də ədalətlidir. Mən Fiziyevi tam silmişdim, amma demək olar ki, hələ də əvvəlki gücündədir".
UFC-nin sabiq döyüşçüsü və hazırkı şərhçisi Kenni Florian da ikinci raunddakı performansı yüksək qiymətləndirib:
"Fiziyevdən ikinci raundun möhtəşəm başlanğıcı və möhtəşəm sonluğu".
Yüngül çəkidə çıxış edən Markuel Mederos isə nokautu qısa, lakin təsirli sözlərlə təsvir edib:
"O, rəqibini yerə mıxladı".
Qeyd edək ki, Rafael Fiziyev Manuel Torresi ikinci raundda nokautla məğlub edib. Azərbaycanlı döyüşçü əvvəlcə fırlanaraq endirdiyi zərbə ilə rəqibini sarsıdıb, daha sonra parterdə endirdiyi zərbələrlə hakimə döyüşü dayandırmağa məcbur edib. Bu qələbə Fiziyevin məğlubiyyət seriyasına son qoymasına və UFC-nin yüngül çəki dərəcəsində yenidən iddialı olduğunu göstərməsinə imkan verib.
Onu da əlavə edək ki, Bakıda keçirilən UFC turnirində çıxış edən digər azərbaycanlı döyüşçülər Tahir Abdullayev braziliyalı Cefferson Nasimento, Fərman Həsənov isə amerikalı Erik Nolan üzərində qələbə qazanıb. Nazim Sadıxov isə braziliyalı Mateus Kamiloya məğlub olub.
