Vaxtilə tanınmış azərbaycanlı döyüşçü Vüqar Kərəmovu məğlub etmiş rusiyalı MMA idmançısı Cihad Yunusov Ukraynadakı döyüş bölgəsində həlak olub.
İdman.Biz “SHOT Telegram” kanalına istinadən xəbər verir ki, idmançı təmas xəttində bir aydan az müddət olub. Mənbənin məlumatına görə, Yunusov Rusiya ordusunun hücum qrupunun tərkibində irəliləyiş əməliyyatı zamanı öldürülüb.
Qeyd edək ki, Yunusov 2013-cü il sentyabrın 21-də Ukraynanın Xarkov şəhərində keçirilən “Oplot Challenge 80” turnirində Vüqar Kərəmovla oktaqonda üz-üzə gəlib. Həmin döyüşdə Yunusov hakimlərin yekdil qərarı ilə Azərbaycan təmsilçisinə qalib gəlib.
Onu da bildirək ki, Vüqar Kərəmov Azərbaycan MMA-sının ən tanınmış simalarından biridir. O, Yaponiyanın Rizin təşkilatında çıxış edib, həmçinin “Bellator”, “WWFC” və digər promouşenlərin turnirlərində döyüşüb. Kərəmov pankration üzrə dünya və Avropa çempionudur. O, 2023-cü ilin noyabrında Bakıda keçirilən “Rizin Landmark 7 in Azerbaijan” turnirində titul uğrunda döyüşə çıxıb və ilk raundda texniki nokautla yaponiyalı Çihiro Suzukiyə məğlub olub.
Yunusova qayıdaraq qeyd edək ki, o, may ayının ortalarında qalmaqalın mərkəzinə düşmüşdü. Qroznıda yaşadığı çoxmənzilli binanın pilləkən meydançasında iki qonşu qadına hücum etmişdi. Münaqişə qonşuların quraşdırdığı müşahidə kamerasına görə başlamışdı. KİV-in məlumatına görə, döyüşçü yaşlı qadının üzünə qəhvə atdıqdan sonra onu döyməyə başlayıb. Daha sonra zərərçəkəni müdafiə etməyə çalışan digər qadına da zərbə endirib.
Hadisədən sonra Yunusov "Axmat" klubundan xaric edilib. O, mayın sonunda Ukraynadakı müharibəyə yollandığını açıqlamışdı.
Cihad Yunusov MMA karyerası ərzində 27 döyüş keçirib. O, bunların 19-da qalib gəlib, 8-də isə məğlub olub.
