Maxaçev Həbib Nurməhəmmədovdan üstün tutuldu

18 Avqust 2026 21:13
603
Maxaçev Həbib Nurməhəmmədovdan üstün tutuldu

Rusiyalı MMA döyüşçüsü Valeri Myasnikov həmyerlisi İslam Maxaçevi UFC-də qazandığı nailiyyətlərə görə Həbib Nurməhəmmədovdan üstün hesab edib.

İdman.Biz xəbər verir ki, Myasnikov UFC 330 turnirində Maxaçevin İen Maçado Qarrini məğlub etdiyi döyüşü yüksək qiymətləndirib.

Onun sözlərinə görə, qarşılaşma gözlənildiyindən daha gərgin keçib:

“Çox yaxşı döyüş idi və son raunda qədər gərginlik davam etdi. Çoxları İslamın asanlıqla qalib gələcəyini düşünürdü, amma müqavimət çox yüksək səviyyədə oldu. Burada Qarrinin də haqqını vermək lazımdır. İslam isə xarakter göstərərək döyüşü qazandı”.

Maxaçev Filadelfiyada keçirilən UFC 330-un əsas döyüşündə irlandiyalı İen Maçado Qarrini hakimlərin yekdil qərarı ilə məğlub edib və yarımorta çəkidə çempionluq titulunu qoruyub. Hakimlər döyüşü 49:46, 49:46 və 48:47 hesabları ilə rusiyalı döyüşçünün xeyrinə qiymətləndiriblər.

Bu, Maxaçevin UFC-də ardıcıl 17-ci qələbəsi olub. Bununla da o, təşkilat tarixində ardıcıl qələbələrin sayına görə yeni rekorda imza atıb.

Myasnikov məhz bu göstəriciyə görə Maxaçevi Həbib Nurməhəmmədovdan üstün tutub:

“17 qələbə möhtəşəm rekorddur. Nailiyyətlər baxımından Maxaçevin Rusiyadan olan ən yaxşı UFC döyüşçüsü olduğu aydındır. O, Həbibin nailiyyətlərini geridə qoyub və bu, faktdır. Amma Həbibin təsiri heç yerə yox olmur. Buna görə də kimisə ondan daha güclü adlandırmaq çətindir”.

Rusiyalı döyüşçü Maxaçevin növbəti rəqibinin Karlos Prates ola biləcəyini də bildirib. Bununla yanaşı, özü Maykl Moraleslə döyüşü görmək istədiyini söyləyib.

Maxaçevin peşəkar MMA karyerasında hazırda 29 qələbəsi və 1 məğlubiyyəti var.

İdman.Biz