Suad Səlimova Las-Veqasda qələbə qazandı - “Dəmir qız”ın İDMAN.BİZ-ə AÇIQLAMASI

8 İyun 2026 17:28
119
Suad Səlimova Las-Veqasda qələbə qazandı - “Dəmir qız”ın İDMAN.BİZ-ə AÇIQLAMASI

Peşəkar kikboksinq və MMA döyüşçüsü Suad Səlimova peşəkar karyerasında yeddinci döyüşünə çıxıb.

İdman.Biz xəbər verir ki, “Tuff-N-Uff” turniri çərçivəsində Las-Veqasda keçirilən qarşılaşmada həmyerlimiz meksikalı Xesseniya Rubionu məğlub edib. Bununla da Səlimova peşəkar karyerasında dördüncü qələbəsini qazanıb.

İdmançının özü İdman.Biz-ə açıqlamasında hazırlıq prosesinin çox ciddi keçdiyini bildirib.

“Hazırlıq çox gərgin keçdi. Həm zalda, həm də ondan kənarda böyük iş görüldü. Təlim-məşq toplanışının hər mərhələsi tam fədakarlıq tələb edir və meksikalı rəqibimlə döyüşə hazırlıq da istisna olmadı. Rubio ilə üç raundluq döyüş keçirdik. Qələbə qazanaraq yenidən uğurlu yola qayıtmağım məni çox sevindirdi", - deyə "Iron Girl"("Dəmir qız") ləqəbli Səlimova vurğulayıb.

Turnirdə ümumilikdə 11 döyüş baş tutub. Suadın meksikalı rəqibi ilə qarşılaşması isə əsas kartda əhəmiyyətinə görə beşinci olub. Azərbaycanlı döyüşçü üçün bu qələbə xüsusilə vacib idi. Belə ki, o, ötən ilin noyabrında fransalı Letisiya Qalyardoya uduzduqdan sonra ilk dəfə oktaqona çıxırdı.

Las-Veqasdakı döyüş Səlimovanın ssenarisi üzrə keçib. O, qarşılaşma boyunca bir çox komponentlərdə rəqibindən üstün təsir bağışlayıb.

Bu qələbə azərbaycanlı idmançı üçün MMA-da dördüncü uğur olub və ona əlavə motivasiya verib. Gələcək planlarından danışan Səlimova növbəti döyüşünün tarixinin hələ müəyyənləşmədiyini bildirib:

“Yeni döyüşün konkret tarixi hələ məlum deyil. Buna görə də hazırda məşqləri davam etdirir, formamı qoruyuram. Növbəti dəfə oktaqona çıxmaq üçün fürsət gözləyirəm”.

Maraqlıdır ki, ABŞ səfəri Suad üçün yalnız Las-Veqasdakı MMA turniri ilə məhdudlaşmayıb. O, bundan əvvəl Orlandoda keçirilən ciu-citsu yarışında da çıxış edərək öz çəki dərəcəsində birinci yeri tutub.

İdmançı həmçinin yaxın və uzaq perspektiv üçün hədəflərini açıqlayıb:

“Qısamüddətli məqsədlərim müntəzəm döyüşlər keçirmək, sabitliyi qorumaq və qələbələr qazanmaqdır. Daha tez-tez döyüşmək istəyirəm, amma potensialımı tam göstərə biləcəyim düzgün qarşılaşmaları seçmək vacibdir. Uzunmüddətli məqsədim isə birmənalıdır – dünyanın aparıcı təşkilatlarının bayrağı altında döyüşmək. Əsas hədəf böyük auditoriya qarşısında özümü göstərmək və bu yola layiq olduğumu sübut etməkdir”.

İdman.Biz