UFC-nin sabiq döyüşçüsü Məhəmməd Mokayev WOW FC turnirində qazandığı qələbədən sonra təşkilat rəhbərliyinə müraciət edib.
İdman.Biz xəbər verir ki, Dağıstan əsilli britaniyalı idmançı Kosta-Rika təmsilçisi Xorxe Kalvaonu birinci raundda məğlub edib. Görüş WOW 31 turniri çərçivəsində keçirilib və Mokayev rəqibini 42 saniyəyə dayandırıb.
Qələbədən sonra 25 yaşlı döyüşçü sosial şəbəkə hesabında UFC rəhbərliyinə mesaj ünvanlayıb. O, Dana Uayt, Hanter Kempbell və Mik Meynardın adını çəkərək UFC-yə qayıtmağa layiq olduğunu bildirib:
“Hazırda MMA-da ən uzun qələbə seriyası məndədir. Həvəskar karyerada 23, peşəkar karyerada 17 qələbəm var. Mən dünyanın ən yaxşı ən yüngül çəki döyüşçüsüyəm. Dana, Hanter və Mik, mən buna dəyərəm. Hanter, bir neçə erkən qələbədən sonra danışıqlara qayıdacağını demişdin. UFC-dən ayrıldıqdan sonra beş döyüşün dördünü vaxtından əvvəl qazanmışam. Hər gün çalışıram və ən yaxşılarla döyüşməyə layiqəm”.
Mokayev UFC-dən ayrıldıqdan sonra məğlubiyyətsiz seriyasını davam etdirir. O, bundan əvvəl Jerard Berns, Co Vinsent So və Tomas Assisə qarşı da uğurlu çıxış edib.
Qeyd edək ki, Mokayev UFC-də keçirdiyi bütün döyüşlərdə qələbə qazansa da, 2024-cü ildə təşkilat onunla müqaviləni yeniləməyib. Dana Uayt daha əvvəl UFC-nin matçmeykerlərinin onunla işləmək istəmədiyini bildirmişdi.
