Görünür, UFC Bakıdakı turnirdə baş tutmayacaq Marvin Vettori - İsmayıl Naurdiyev döyüşünə operativ şəkildə əvəz tapıb.
İdman.Biz xəbər verir ki, MMA insayderi Stiv Dankan sosial şəbəkələrdə “UFC Fight Night Baku” turnirinin kardına Kaan Ofli ilə Xavier Reyes arasında döyüşün əlavə olunduğunu bildirib.
Döyüş yarımyüngül çəkidə keçiriləcək. Ofli Avstraliyanı təmsil edir, lakin türk köklərinə malikdir. 32 yaşlı döyüşçü Melburnda anadan olub və UFC-də “Genghis” (“Çingiz”) ləqəbi ilə çıxış edir. Onun rəqibi Xavier Reyes Kolumbiyanı təmsil edir.
Daha əvvəl məlum olmuşdu ki, Marvin Vettori zədə səbəbindən Bakı turnirinin kardından çıxıb. İtaliyalı döyüşçü orta çəkidə İsmayıl Naurdiyevlə qarşılaşmalı idi. Lakin hazırlıq zamanı qabırğasından zədə aldığı üçün iyunun 27-də keçiriləcək turnirdə iştirak edə bilməyəcək.
Bununla belə, UFC hələlik Naurdiyevin yeni rəqiblə kardda qalıb-qalmayacağını və ya döyüşün təxirə salınacağını rəsmi şəkildə açıqlamayıb. İstisna deyil ki, Amerika promouşeni Naurdiyev - Vettori döyüşünü növbəti turnirlərdən birinə keçirsin.
“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas hadisəsi yüngül çəkidə Rafael Fiziyevlə Manuel Torres arasında baş tutacaq döyüş olacaq.
Əsas karddan əvvəlki döyüşlər
Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
Orta çəki: Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Orta çəki: İkram Aliskerov (Rusiya) - Brunnu Ferreyra (Braziliya)
Ən yüngül çəki: Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Orta çəki: Mixal Olekseyçuk (Polşa) - Abusupiyan Maqomedov (Almaniya)
Orta çəki: İsmayıl Naurdiyev (Avstriya) - rəqib dəqiqləşdirilir
İlkin qarşılaşmaların proqramı
Ağır çəki: Rizvan Kuniyev (Rusiya) - Tayrell Forçun (ABŞ)
Orta çəki: Nursulton Ruziboyev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Yarımağır çəki: Culius Uoker (ABŞ) - Abdul-Rahman Yaxyayev (Türkiyə)
Yüngül çəki: Bekzat Almaxan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Yarımorta çəki: Daniil Donçenko (Ukrayna) - Andreas Qustafsson (İsveç)
Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Yarımorta çəki: Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Yarımyüngül çəki: Kaan Ofli (Avstraliya) - Xavier Reyes (Kolumbiya)
Əlavə edək ki, döyüşlərin yekun sıralanması turnirə yaxın dəyişə bilər.
