İki çəki dərəcəsində keçmiş UFC çempionu, amerikalı Con Cons təşkilatın baş direktoru Dana Uaytın onun haqqında səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. Uayt iyunun 14-də ABŞ-nin Vaşinqton şəhərində, Ağ Evdə keçiriləcək tarixi turnirdə Consun döyüşmək şansının olmadığını bildirmişdi.
İdman.Biz xəbər verir ki, 38 yaşlı idmançı sosial şəbəkə hesabında bu açıqlamalara etirazını bildirib.
Cons aparılan müzakirələrin real olmadığını qeyd edərək yazıb:
“Deməli, danışıqlar tamamilə cəfəngiyyat idi. Mənim bunu açıq şəkildə etiraf etməyimi istəyirsiniz? Mən UFC-dən qovulmuşam?”
Qeyd edək ki, ağır çəkidə (120 kq-dək) və iki dəfə yarım ağır çəkidə (93 kq-dək) UFC çempionu olmuş Con Cons 2025-ci ildə karyerasını başa vurduğunu elan etmişdi. Lakin onun Ağ Evdəki xüsusi turnir üçün geri dönə biləcəyi barədə şayiələr gərginliyi artırıb. Consun bu son çıxışı onun təşkilat rəhbərliyi ilə münasibətlərinin kifayət qədər gərgin olduğunu göstərir.
