“Təbəssüm edən qatil” Nazim Sadıqovla döyüş ərəfəsi: “Mən onu nokauta salmalıyam” – İDMAN.BİZ-in TƏHLİLİ

Təhlil
1 Dekabr 2025 15:23
66
“Təbəssüm edən qatil” Nazim Sadıqovla döyüş ərəfəsi: “Mən onu nokauta salmalıyam” – İDMAN.BİZ-in TƏHLİLİ

“Təbəssüm edən qatil” ləqəbli fransalı döyüşçü Fares Ziam azərbaycanlı idmançı Nazim Sadıqovu nokauta salmaq niyyətində olduğunu bildirib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan və Fransa təmsilçiləri 6-dan 7 dekabra keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək “UFC 323” turnirində qarşılaşacaqlar.

Döyüş ərəfəsində Ziam Fransa mətbuatına sərt açıqlama verib.

“Mən onu nokauta salmalıyam. Başqa variant yoxdur. Ona elə boks texnikaları göstərəcəyəm ki, bəlkə də onları heç vaxt görməyib”, - deyə Ziam döyüş ərəfəsində bildirib.

Fransız KİV-ləri anonslarında həmçinin Sadıqovdan gələn böyük təhlükəyə diqqət çəkirlər. Xüsusilə “La Sueur” qeyd edir ki, azərbaycanlı döyüşçünün rekordu 11 qələbə və 1 məğlubiyyətdən ibarətdir və onun döyüşləri nadir hallarda hakimlərin qərarına gedir – o, əsasən vaxtından əvvəl qalib gəlir.

“UFC Fans” isə qarşılaşmanı Ziamın metodik temp nəzarəti ilə Sadıqovun aqressiv üslubunun toqquşması kimi xarakterizə edir. Bildirilir ki, fransalı idmançının əsas vəzifəsi məsafəyə nəzarət, ritmin idarə olunması və intizamlı şəkildə rəqibə imkan verməməkdir ki, Sadıqov hücuma keçərək döyüşü vaxtından əvvəl bitirə bilməsin.

Qeyd edək ki, Fares Ziam bu ilin fevralında son dəfə oktaqona çıxıb. Nazim Sadıqov isə 2025-ci ildə iki döyüş keçirib - fevralda braziliyalı İsmayel Bonfimi nokauta salıb, iyunda isə Bakıda digər braziliyalı Nikolos Motanı vaxtından əvvəl məğlub edib.

Teymur Tuşiyev

İdman.Biz