UFC üzrə yarı orta çəki çempionu Cek Della Maddalena ilə yarı orta çəkiyə yüksələn keçmiş yüngül çəki çempionu İslam Mahaçev arasında dünən döyüşöncəsi üzbəüz baxış olub.
İdman.Biz xəbər verir ki, mətbuat konfransından sonra iki döyüşçü uzun müddət baxışlarını bir-birindən ayırmayıblar.
Burun-buruna dayanmış vəziyyətdə təzyiqə baxmayaraq, heç bir fiziki təmas baş verməyib. UFC prezidenti Dana Uayt foto çəkilişi üçün döyüşçülərin önə baxmasını istədikdə vəziyyət daha da gərginləşib və Uayt dərhal müdaxilə edərək mümkün qarşıdurmanın qarşısını alıb.
Döyüşçülərə titul kəmərləri təqdim edilərkən belə Mahaçev dönmədən avstraliyalının sərt baxışları ilə üz-üzə qalıb. Gərgin baxışma yalnız səhnəni tərk etməyə hazırlaşarkən sona çatıb.
UFC 322-də bu qarşılaşma Maddalena üçün ilk titul müdafiəsi olacaq. Avstraliyalı döyüşçü hazırda UFC-də məğlubiyyətsizdir və karyerasında ardıcıl 18 qələbə seriyası ilə çıxış edir.
İslam Mahaçev isə yüngül çəki titulunu dörd dəfə müdafiə etmiş ən uğurlu UFC döyüşçülərindən biri olaraq yarı orta çəkidə ikinci titulunu hədəfləyir.
