Fransalı MMA döyüşçüsü Siril Qan UFC 321 turnirində Tom Aspinalla qarşı titul döyüşünün baş tutmamasından sonra azarkeşlərdən və rəqibindən üzr istəyib.
İdman.bBiz xəbər verir ki, ağır çəkidə UFC çempionu olan ingiltərəli Aspinall ilə Qanın döyüşü Abu-Dabidə keçirilən UFC 321 turnirində nəticəsiz elan olunub.
Buna Qanın ilk raundun sonunda rəqibinin gözünə təsadüfən barmaqla toxunması səbəb olub. Aspinall qanaxma və müvəqqəti görmə məhdudiyyəti səbəbindən döyüşü davam etdirə bilməyib.
“Azarkeşlərdən, rəqibimdən və özümdən üzr istəyirəm. Belə nəticə üçün çox enerji sərf olunub. Bu idmandır. Mən planıma uyğun hazırlaşmışdım, döyüş planımı icra edirdim. Təəssüf ki, hadisələr belə cərəyan etdi”, – deyə Qan döyüşdən sonra bildirib.
Qeyd edək ki, Qanla Aspinall arasında baş tutmayan qarşılaşma UFC tarixində nəticəsiz başa çatan ikinci titul döyüşü olub. İlk dəfə belə halın səbəbi zədələnmə olub.
