Nazim Sadıxov-Fares Ziam döyüşü: İdmançıların zəif və güclü tərəfləri İDMAN.BİZ-in TƏHLİLİNDƏ - VİDEO

Təhlil
16 Oktyabr 2025 13:54
200
Nazim Sadıxov-Fares Ziam döyüşü: İdmançıların zəif və güclü tərəfləri İDMAN.BİZ-in TƏHLİLİNDƏ - VİDEO

Bir neçə gün əvvəl azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun növbəti rəqibi müəyyənləşib. O, dekabrın 6-da Las-Veqasda fransalı Fares Ziamla qarşılaşacaq.

İdman.biz bu dəfə Nazim Sadıxovun rəqibini yaxından tanımağa və azərbaycanlı idmançının qarşıdakı döyüşdə qələbə şanslarını qiymətləndirməyə çalışıb.

İlk növbədə qeyd etmək lazımdır ki, rinqə fərqli üslublara malik iki yüngül çəkili döyüşçü çıxacaq: məsafədə texniki və ehtiyatlı döyüş tərzinə üstünlük verən fransız və rəqibini sıxışdıraraq onu qəfəsin küncünə sıxmağı sevən azərbaycanlı.

Fares Ziam boy üstünlüyünə malikdir - Sadıxovun 178 santimetrinə qarşı 185 santimetr. Fransız beş ardıcıl qələbə seriyası ilə döyüşə çıxır. Onun ümumi göstəricisi 17 qələbə və dörd məğlubiyyətdir. Nazimin hesabında isə 11 qələbə, bir məğlubiyyət və bir heç-heçə var. O, son döyüşünü yayda Bakıda nokautla qazanıb. İlk baxışda antropometrik göstəricilər və stabil çıxış baxımından üstünlük Ziamın tərəfindədir, lakin bu, mənzərənin yalnız bir hissəsidir.

Fares tipik “məsafə nəzarətçisi”dir. O, döyüşünü əsasən cəld və birbaşa zərbələr üzərində qurur, rəqibi təhlükəsiz məsafədə saxlayır və qəfil yaxınlaşmağa çalışanları cəzalandırır. Onun arsenalında dəqiq ayaq zərbələri və düzgün zamanlama var. Xüsusilə əks-hücumlarda təhlükəlidir: bir yanlış addım və qarşıdakı diz zərbəsi döyüşün taleyini həll edə bilər. 2024-cü ildə o, Mett Frevolanı təsirli şəkildə nokaut etmiş, 2025-ci ilin fevralında isə Mayk Deyvisi hakim qərarı ilə məğlub etmişdi.

Lakin onun da zəif cəhətləri var. Ziam qəfəsə sıxışdırılanda və rəqib onun bədəninə işləməyə başladıqda komfortunu itirir. Belə vəziyyətlərdə müdafiə olunmaqda çətinlik çəkir, xüsusən də rəqib zərbələri yerə salma cəhdləri ilə növbələyirsə. Bəzən Ziam fasilə götürür və təşəbbüsü əldən verir, bu da daha aqressiv rəqib üçün üstünlüyə çevrilə bilər.

Bu mənzərədə Nazim Sadıxovun üslubu tam əks xarakter daşıyır. O, solaxaydır, güclü sol zərbəyə malikdir, daim təzyiq göstərir, qəfəsin mərkəzini tutur və rəqiblərini səhvə məcbur edir. Sadıxov bədənə işləməyi sevir, rəqibin nəfəsini kəsməyə çalışır və lazım gəldikdə döyüşü yerə salır.

Bu cür təzyiq Ziam kimi döyüşçülərin məsafədə rahat çıxış etməsinə imkan vermir. Nazimin əsas məqsədi rəqibin dalınca qaçmaq yox, onun geri çəkilmə yollarını bağlamaq, qəfəsin küncünə sıxışdırmaq və bədən zərbələri ilə onu tükəndirməkdir. Hətta döyüşü yerə salmaq təhlükəsini nadir hallarda göstərməsi belə fransızı daha ehtiyatlı olmağa vadar edə bilər.

Sadıxovun iyunda Bakıda Nikolas Mottaya qarşı keçirdiyi son döyüş onun yaxın məsafədə nə qədər özünə inamlı olduğunu sübut etdi. O, braziliyalını ikinci raundda ardıcıl təzyiq və bədən zərbələri ilə nokaut etmişdi. Lakin Ziamla belə ssenari işləməyə bilər. Fransız risk etmir, açıq mübadiləyə girmir və xalları məsafədən toplayır. Bu dəfə Nazim daha incə, diqqətli və səbirli şəkildə döyüşməli, addım-addım rəqibini qəfəsə sıxışdırmalı və səhv etməyə məcbur etməlidir.

Döyüşün taleyi böyük ölçüdə kimin öz üslubunu rəqibə qəbul etdirəcəyindən asılı olacaq. Əgər Sadıxov qəfəsin mərkəzini ələ keçirib Ziamın ritmini pozarsa, bədənə zərbələrlə təzyiq göstərib onun geri çəkilməsinə imkan verməzsə, azərbaycanlının şansı xeyli artacaq. Amma əgər fransız məsafəni qoruyub, dəqiq qarşı zərbələrlə tempi pozmağa müvəffəq olsa, nəticəni hakimlərin qərarı müəyyən edə bilər.

Bu döyüş xarakter və taktikanın toqquşması olacaq - məsafə texnikası ilə təzyiq və daxili alovun dueli. Hansı döyüşçü rəqibin ritmini ilk sındırsa, böyük ehtimalla Las-Veqasdan qalib kimi ayrılacaq.

Teymur Tuşiyev

İdman.Biz