Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən kikboksçu Tülin Ələkbərovanın barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
İdman.Biz Pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, kikboksçu Tülin Ələkbərova restoranda qadına hücum edərkən sərxoş olub. Hadisə Bakıda yerləşən restoranlardan birində baş verib.
Məlumata görə, T.Ələkbərovanın tanışı Sevda A. və iki digər nəfərlə restoranda istirahət edərkən spirtli içki qəbul edib və halı pisləşib. Tülin Ələkbərova və Sevda A. sanitar qovşağa daxil olublar. Sevda A. qapıda dayanaraq heç kimin içəri keçməsinə icazə verməyib.
Bu zaman sanitar qovşağa gələn zərərçəkmiş Kəmalə M. adlı qadın içəri daxil olmaq istəsə də, Sevda A. ona mane olub. Aralarında mübahisə yaranıb. Səs-küyə qapını açan T.Ələkbərova Kəmalə M.-ə yumruq və təpik zərbələri endirib.
T.Ələkbərova bildirib ki, hadisə zamanı sərxoş olub və Sevdanın yerə yıxıldığını gördüyü üçün Kəmalə M.-a bir yumruq zərbəsi vurub.
Zərərçəkmiş Kəmalə M. isə ifadəsində bildirib ki, hadisə zamanı Sevda A. ondan sanitar qovşağa getməməsini istəyib. Bir neçə dəqiqə gözləsə də, vəziyyəti pisləşdiyi üçün sanitar qovşağa keçmək üçün Sevdanı itələyib və bu zaman mübahisə yaranıb. T.Ələkbərova sanitar qovşaqdan çıxaraq Kəmalə M.-yə yumruq zərbələri endirib və yerə düşən zaman təpiklə zərbələr vurub.
Kəmalə M. Tulin Ələkbərovadan 5 000 manat tələb edib, xəsarətlərdən sonra bir müddət işləyə bilmədiyini və bununla maddi ziyan gördüyünü bildirib. Zərərçəkmiş şəxs kikboksçudan şikayətçi olduğunu təsdiqləyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisədən sonra T.Ələkbərova həbs olunub. İki gün həbsdə qaldıqdan sonra onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Əvvəlki instansiya, Nərimanov Rayon Məhkəməsi, Tülin Ələkbərovanı xuliqanlıqda təqsirli bilib və ona altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
