Naxçıvanda 144 idmançının qatıldığı kikboksinq turniri keçirildi - FOTO

7 Sentyabr 2026 12:41
69
Naxçıvanda 144 idmançının qatıldığı kikboksinq turniri keçirildi - FOTO

Naxçıvan şəhərində II “Levent Bulut Fight Night - Nakhchivan” kikboksinq turniri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Levent Bulut - Naxçıvan” (LBN) Döyüş Klubu ilə birgə təşkil etdiyi, Azərbaycan Kikboksinq Federasiyasının dəstəklədiyi turnirdə 17 klubdan 144 idmançı iştirak edib.

Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, eləcə də qadın və kişilər müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Turnirin açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Naxçıvanda belə yarışların keçirilməsinin idmana marağın artırılması və istedadlı idmançıların üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Turnirin fəxri qonağı, türkiyəli məşqçi və təşkilatçı Levent Bulut yarışın ikinci dəfə keçirilməsindən məmnunluğunu ifadə edib.

Yarışın sonunda fərqlənən idmançılar diplom, medal və kuboklarla mükafatlandırılıb. Turnirin təşkilində əməyi keçən şəxslərə təşəkkürnamələr təqdim olunub.

İdman.Biz