Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun İdman.biz saytına müsahibəsi
- Karateçilərimizi qarşıda dünya çempionatı gözləyir. Komandanı oktyabrın 24-də Budapeştdə start götürəcək mundaiala hazır saymaq olar?
- Hazırlıqlar gedir. Komandamız hər zaman güclü olub. Liderlərdən biri olaraq qalır. Müəyyən maliyyə çətinlikləri ilə əlaqədar lazımı qədər yarışlara gedə bilmədik. Bu öz sözünü deyəcək. Hər zaman sponsorlarımız olub. Amma indi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışlara gedirik. Bunun üçün onlara təşəkkür edirəm. Yarışlar, toplanışlar kifayət deyil. Ümumilikdə baxsaq, idmançılar yaxşı vəziyyətdədir. Bəzilərinin zədələri var, hətta Fəridə Əliyeva bununla bağlı dünya çempionatında iştirak edə bilməyəcək.
- Dünya çempionatında medal ümidləriniz kimlərdir?
- İnanıram ki, həm fərdi, həm də komanda yarışlarında sözümüzü deyəcəyik. Asiman Qurbanlı, Tural Ağalarzadəyə ümidlər böyükdür. Komanda şəklində də uğurlu olacağımıza inanıram. Kişilərdən ibarət yığmamız daha güclüdür. Amma qadınlardan ibarət komandamız da öz sözünü deyəcək. Xüsusi ilə İrina Zaretskanın yenidən fərqlənəcəyini düşünürəm.
- İrina Zaretskanın 3-cü dəfə dünya çempionu olacağına nə qədər inanırsız?
- O, yenə də uğurlu çıxışla yadda qalacaq. İrina son yarışların hər birində medal qazanıb. Sevindirici haldır ki, belə bir idmançımız var. İrinanın 3-cü dəfə dünya çempionu olmaq şansı böyükdür. Onunla danışmışıq. Zaretskaya inandığımı demişəm. 70-80 faiz inanıram ki, o qızıl medal qazanacaq. Özü də hər dəfə danışanda deyir ki, Yaşar müəllim, siz məndən daha çox medal qazanacağıma inanırsız.
- Rafael Ağayevin yığmadan gedişindən sonra komandanın lideri olaraq kimi görürsüz?
- Təbii ki, Rafael Ağayevin yerini heç kim verə bilməz. Tək Azərbaycanda yox, dünyada belə. Rafael əfsanəvi bir idmançı idi. O, tarix olaraq qalacaq. Amma bizim güclü idmançılarımız var. Yaxşı gənc nəsil yetişir. Tural Ağalarzadə bu gün liderlərimizdəndir. Asiman Qurbanlı hələ son sözünü deməyib. O, ağır çəkidə ən güclü idmançılarımızdandır. Əminağa Quliyevi də bu mənada fərqləndirə bilərəm. O çox gəncdir, yarışlarda nəticə verəcək.
- Bəs Azərbaycan Milli Karate Federasiyasının qarşıdakı planları nələrdir?
- Artıq bizdə yeni strukturdur. 6 qurum birləşərək, Azərbaycan Karate Federasiyası yaradılıb. Bütün yarışlarımızı birlikdə təşkil edirik. 6 federasiya hər biri öz istiqamətində çalışır. Təbii ki, WKF-in yarışları çox fərqlənir. Bu növ həm İslam Həmrəyliyi Oyunlarında, həm Avropa Oyunlarında, həm də Olimpiya Oyunlarında sözünü deyib. İnanıram ki, gələcəkdə də uğurumuz davam edəcək.
Emin Ağa
İdman.biz