Karateçi Mədinə Sadıqova son Avropa çempionatında Azərbaycan idmanı tarixinə adını yazdırıb. O, bu döyüş növündə Avropa çempionu olan ilk azərbaycanlı qadın kimi tarixə düşüb. İdmançı ölkənin minlərlə gənc idmançı qızı üçün gücün, əzmkarlığın və ilhamın simvoluna çevrilib.
Mədinə Sadıqova İdman.Biz-ə müsahibəsində Avropa çempionatındakı çıxışından, qarşıdakı hədəflərindən və uşaqlıq xatirələrindən danışıb.
– Yarışlardan bir neçə gün sonra özünüzü necə hiss edirsiniz? Emosiyalar artıq sakitləşib?
– Hələ də emosiyalar davam edir. Çünki mən bu hisslər üçün illərlə zəhmət çəkmişəm, yuxusuz gecələr keçirmişəm. Bu medal mənim üçün sadəcə qələbə deyil, illərin əziyyətinin qarşılığıdır.
– Avropa çempionatında qızıl medala gedən yol sizin üçün nə qədər çətin oldu?
– Açığı, mən çox çətin qrupa düşmüşdüm. Çünki rəqiblərimin hamısı Karate 1 Premyer Liqa turnirinin çempion və mükafatçıları idi. Hətta yarımfinaldakı rəqibim son yarışda məni 5:4 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə mən onu eyni hesabla məğlub etdim. Bu mənim üçün həm revanş, həm də özümə inam idi.
Finalda isə əvvəlcə 2:4 hesabı ilə uduzurdum. Bir anlıq hətta düşündüm ki, çempionluq əldən gedir. Amma sonra özümə dedim ki, sona qədər döyüşməliyəm. O an düşündüyüm tək şey Azərbaycan himninin mənə görə səslənməsi idi. Bu fikir mənə əlavə güc verdi.
– Keçən il verdiyiniz müsahibədə tarixə düşəcəyinizə inandığınızı demişdiniz. O zaman sizə bu qədər inamı nə verirdi?
– Bəli, çünki son dünya çempionatında 1/4 finala qədər yüksəlmişdim, amma təəssüf ki, medalsız qalmışdım. O gündən sonra özümə belə bir söz vermişdim. Şəxsi məşqçim, yığma komandanın baş məşqçisi və mənə hər zaman “sən çempion olacaq gücə sahib idmançısan” deyən məşq yoldaşım Asiman mənə çox inanırdı. Bu inam mənə də keçmişdi. İndi isə növbəti böyük hədəfim Avropa Oyunlarında və Dünya Çempionatında çempion olmaqdır.
– Sizi bir az daha yaxından tanımaq istərdik. Harada anadan olmusunuz və uşaqlığınız necə keçib?
– Atam Ağdaşın Cardam kəndindəndir. Atam Gəncədə işlədiyi üçün mən Gəncə şəhərində doğulmuşam. Mən hərbçi ailəsində böyümüşəm. Uşaqlıqdan intizamı, vətən sevgisini görərək böyümüşəm. Karateyə olan sevgim isə Bakıya köçdükdən sonra yarandı. Qonşumuz Musa adlı bir oğlanı karate formasında gördüm və çox həvəsləndim. Elə o gündən Seymur Xudaverdiyevin rəhbərliyi altında karate yoluna başladım.
– Avropa çempionatındakı qələbənizi atanıza həsr etmisiniz. O, sizin bir şəxsiyyət və idmançı kimi formalaşmağınızda hansı rolu oynayıb?
– Mən atamı itirəndə uşaq idim, amma yaddaşımdan silinməyən çox şey var. O, bizə həmişə dövlətimizi, bayrağımızı, himnimizi və Qarabağı sevdirirdi. Mənim üçün əsl qəhrəman olub. Dövlətimi və millətimi sevmək mənə atamdan keçib və mən bunu onun mənə əmanəti kimi görürəm.
– Siz həm də uşaqlara məşq keçirsiniz. Sizcə, uğurunuz yeni nəsil karateçilərə necə təsir edəcək?
– Artıq bir ildən çoxdur ki, uşaqlara karate dərsləri keçirəm. Açığı, çox fərqli hisslər yaşayıram. Yarışlarda medal qazandıqlarını görəndə bəzən öz uğurumdan da çox sevinirəm. İnanıram ki, gələcəkdə Azərbaycan karateçisi üçün güclü nəsil yetişəcək. Mən düşünürəm ki, bu tarixi qələbə xüsusilə gənc qızlar üçün böyük motivasiya olacaq. Çünki hər bir azərbaycanlı qadın idmançı buna layiqdir. Sadəcə bu yol uzun, çətin və məsuliyyətlidir. Əsas odur ki, yolun ortasında dayanmayasan, səni aşağı çəkməyə çalışan insanlara fikir verməyəsən. Gənc idmançılar unutmasınlar ki, bir gün öz adlarını qızıl hərflərlə tarixə yaza bilərlər.
