Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Mədinə Sadıqova Vətənə qayıdıb.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda karate yığmamızın üzvlərini qarşılayanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub.
Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
"Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Həmrəyliyi Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir".
Qadınlar arasında karate üzrə 55 kq çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançı final görüşünün çətin keçdiyini deyib:
"Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün əvvəlində hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum".
Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib:
"Mədinə çox intizamlı idmançıdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq".
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kq çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.
