İki qadın karateçimiz Avropa çempionatında bürünc medal üçün döyüşəcək

21 May 2026 10:14
125
İki qadın karateçimiz Avropa çempionatında bürünc medal üçün döyüşəcək

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatının ilk günü Azərbaycan idmançıları üçün yaxşı başlamayıb.

İdman.Biz xəbər verir ki, Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, dünya və Avropa çempionu İrina Zaretska finala çıxa bilməyib.

Ukraynalı legionerimiz İrina Zaretska (68 kq) Lena Gülümyanı (Ermənistan) 9:5 məğlub etsə də, növbəti mərhələdə Sadea Beçiroviçə (Xorvatiya) 2:4 uduzub. O, bürünc medal üçün təsəlliverici yarışda Kosovo əsilli Era Kocaya (Şimali Makedoniya) 4:0 qalib gəlib. Beləliklə, İrina şənbə günü İrəvanda keçirilmiş ötən Avropa çempionatının finalçısı Maria Nieto (İspaniya) ilə qarşılaşacaq.

Aysel Qasımova (+68 kq) 2 döyüş keçirə bilib. O, Şauna Mahondan (İrlandiya) 2:0 üstün olsa da, Yovana Damyanoviçə (Monteneqro) 3:5 uduzub və mübarizəni dayandırıb.

Asiman Qurbanlı (+84 kq) Borxa Qutyeres Markesə (İspaniya) 1:0 və Suren Kosakyana (Ermənistan) 6:2 qalib gəlsə də, üçqat Avropa çempionu Ancelo Kvesiçə 1/4 finalda (Xorvatiya) uduzub – 0:0. Kvesiç finala çıxmadığından, idmançımız bürünc medal üçün təsəlliverici yarışa çıxa bilməyib.

Turqut Həsənov (84 kq) yarışa inamla başlayıb. O əvvəlcə Şimon Seçkarı (Slovakiya) 5:1 və Vladimir Brejançiçi (Serbiya) 4:3 yenib. Onun 1/4 finalda yolunu İvan Kvesiç (Xorvatiya) kəsib – 3:6. Turqutun uduzduğu rəqib finala çıxmadığından, onun üçün yarış başa çatıb.

Yarışda yarımfinala çıxan yeganə idmançımız sensasiyaya imza atan Gülay Orucova (61 kq) olub. O, ərəb əsilli Məryəm Ajaraya (Belçika) 2:0, Aişə Zəkiyə Harşpatakiyə (Macarıstan) 8:2, Mar Trenado Martinesə (İspaniya) 5:3 qalib gəlib. İdmançımız yalnız yarımfinalda rusiyalı Altana Basanqovaya (EKF-1) 1:4 uduzaraq finaldan məhrum olub. O, şənbə günü Emina Sipoviçlə (Bosniya və Herseqovina) bürünc medal görüşünə çıxacaq.

Rəşid Süleymanov (75 kq) isə ilk görüşdə Kilian Sizoya (Fransa) 3:4 uduzsa da, rəqibi finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılıb. O ardıcıl olaraq Aleksandar Topuzoviçə (Serbiya) 12:10 və İsan Martinə (İspaniya) 2:1 qalib gəlsə də, rusiyalı Ernest Şarafutdinova (EKF-1) 1:8 uduzub.

Katada dördqat Avropa bürünc medalçısı Roman Heydərovun da çıxışı uğursuz olub. O, yerli idmançı Moris Teloçkeyə (Almaniya) 3:4 uduzub.

Qeyd edək ki, Azərbaycan 61-ci dəfə keçirilən Avropa çempionatında 23 idmançı ilə təmsil olunur. Bunlardan 16-sı fərdi yarışlarda medal qazanmağa çalışanlardır. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı Avropa çempionatına mayın 24-də yekun vurulacaq.

Bu gün yarışda kata kişi komandamız, eləcə də kumitedə - kişilər 60 kq və 67 kq-da, qadınlar 50 kq və 55 kq çəki dərəcələrində mübarizə aparacaq. Həmçinin, kumite qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə qarşılaşacaq.

İdman.Biz