Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün şotakan karate-do idman növü üzrə ustad dərsi keçirilib.
İdman.Biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov ustad dərsinin yeniyetmələr arasında idmana, xüsusilə də şərq döyüş növlərinə marağın artırılması, bu idman növünə həvəs göstərən uşaqların aşkara çıxarılması və sağlam həyat tərzinin təbliğinə dəstək verilməsi məqsədilə təşkil edildiyini qeyd edib.
Ustad dərsində 20-dən çox uşaq iştirak edib. Əməkdar məşqçi, dünya və Avropa çempionatlarının qalibi Namiq Sədi Namazov gənclərə peşəkar idmançı kimi yetişmək üçün faydalı məsləhətlər verib, öz təcrübəsini bölüşüb. O, zərbə, zərbədən yayınma və müdafiə elementlərini nəzəri izah etməklə yanaşı, onları əyani olaraq iştirakçılara nümayiş etdirib.
Qeyd edək ki, tədbir iştirakçılarla xatirə fotosu çəkdirilməsi ilə yekunlaşıb.
