Azərbaycan karateçisi İrina Zaretska (68 kq) rəqiblərinin onu dayandıra bilməyəcəyinə inanır.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı bu barədə şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.
Təcrübəli karateçi Misirin paytaxtı Qahirədə keçirilmiş dünya çempionatında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
“Üçüncü yer uğrunda qarşılaşma möhtəşəm keçdi. Yarımfinalda səhv etdim, bu isə finala çıxmaq və daha böyük uğur qazanmaq imkanımı məhdudlaşdırdı. Buna baxmayaraq, güclü və iradəli olduğum üçün fəxr edirəm. Bir daha sübut etdim ki, məni heç nə və heç kim dayandıra bilməz”.

O, böyüklər arasında dünya çempionatlarında beşinci dəfə mükafatçılar sırasına düşdüyünü xatırladıb:
“10 ildir ki, ən yaxşıların sırasındayam və hələ qabaqda daha çox uğurlar var”.
Qeyd edək ki, İrina Zaretska 2014-cü ildəki dünya çempionatında Ukraynanı təmsil edib və bürünc medal qazanıb. O, 2018, 2021 və 2023-cü illərdə Azərbaycan bayrağı altında qızıl medala sahib çıxıb.
