Sabah Qahirədə start götürəcək karate üzrə dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcək.
İdman.Biz-in məlumat verdiyi kimi, komandamızın heyətində altı karateçi (dörd kişi və iki qadın) çıxış edəcək.
Misirin paytaxtında dördüncü dəfə dünya çempionu ola biləcək İrina Zaretska istisna olmaqla, digər karateçilərimizin çempionluq şansları necədir?
Bu sualla İdman.Biz Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevə müraciət edib.
“Birincisi, dünya çempionatında heç kim heç kimə medal zəmanəti verə bilməz. Buna İrina Zaretskaya da daxildir. Bəli, ana olduqdan sonra İrina ardıcıl keçirilən bütün turnirlərdə uğurlu çıxış edir! Amma heç kim onun dördüncü dəfə dünya çempionu olacağını zəmanət vermir. Bu, idmandır və karatedə rəqabət daha da amansızdır!
Bəli, biz çox istəyirik ki, idmançılarımız qızıl qazansınlar, amma təkcə bizim istəyimiz və ümid bağladığımız idmançıların arzusunun özü kifayət deyil. Rəqiblərinin hamısı da qalib gəlmək istəyir və çempion yalnız bir nəfər ola bilər. Üstəlik, hakim faktoru da var ki, bunu unutmaq olmaz. Təəssüf ki, bu amil mütəmadi olaraq idmançılarımızın taleyinə təsir göstərir.
İkincisi, komandamızdakı istənilən idmançı bu turnirdə qalib gələ bilər, həm kişi, həm də qadın komandasında çox yaxşı idmançılarımız var. Amma bir daha deyirəm, təkcə istək burada yetərli deyil”, - deyə Füzuli Musayev qeyd edib.
Vüqar Vüqarlı
